"Azad qadın" heykəli — Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış, 1960-cı ildə Bakı şəhərinin Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. Heykəl, Cəfər Cabbarlının "Sevil" pyesindən ilhamlanılaraq hazırlanmışdır. Çadradan azad olma Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirakı təhsil alma və işləmə hüququnu ifadə edir.[1]
Azad qadın | |
---|---|
40°22′43″ şm. e. 49°49′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsi |
Heykəltaraş | Fuad Əbdürəhmanov |
Memar | Mikayıl Hüseynov |
Tikilmə tarixi | 1960 |
Material | tunc |
İstinad nöm. | 5582 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Azad qadın" heykəltaraş Fuad Əbdürrəhmanovun Azərbaycan qadını mövzusuna ilk müraciəti deyildi. Belə ki, sənətkar hələ 1951-ci ildə "Azərbaycan qadını" adlı heykəl işləmişdi. Bu heykəldə Fuad Əbdürrəhmanov müasir azərbaycanlı qadının obrazını müstəqil və güclü iradəyə malik zəngin şəxsiyyət kimi tərənnüm edir.[2] Sənətkarın yaşadığı dövrün Azərbaycan qadınlarına xas olan səmimilik, daxili iradə və cazibədarlığı əks etdirən bu heykəl əlində kitab işıqlı gələcəyə doğru inamla addımlayan mili geyimli qadın obrazını ifadə edir.[3]
1957-ci ildə sənətkar ilkin olaraq gipsdən hazırlanmış həmin əsərin tunc versiyasını işləyir. Bu heykəl "Azadlıq" adı ilə İncəsənət muzeyində sərgilənir. Muzeydə əsəri görən sənətkarlar onun şəhərin mərkəzi hissələrindən birində yüksəldilməsinin labüdlüyünü bildirirlər. Bundan sonra Fuad Əbdürrəhmanov heykəlin böyük versiyası üzərində işə başlayır və bu versiyada Azərbaycan qadınının müstəqilliyini daha qabarıq ifadə etməyə çalışır. 1959-cu ildə heykəl Leninqradda tuncdan tökülür və sonradan Azərbaycana gətirilərək ucaldılır.[4]
"Azad qadın" heykəli sənətkarın yaradıcılığında növbəti plastik sənət nümunəsi kimi qalmır. O, azadlığa, yeniliyə, inkişafa və tərəqqiyə can atan Azərbaycan qadınının rəmzinə çevrilir. Öz çadrasını ataraq müasirliyə qərar verən azad Azərbaycan qadını xalqın ağır keçmişini, bu gününü və inamlı gələcəyini özündə cəmləşdirmişdir.[5] Azərbaycanın tarixi keçmişində mövhümatçılığı və gender bərabərsizliyini ifşa edən heykəl obrazı azərbaycanlı qadının cəmiyyətdə dəyişən yeri, rolu və hüququnu bir daha təsbit edirdi.[5]
Abidənin daşıdığı ideyadan bəhs edərkən Fuad Əbdürrəhmanov deyir:
Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən, nədənsə kölgələrə ilişmiş qartal təsəvvür eləyirdim. O, çarpalanır və nəhayət ki, azadlığa çıxır. Bir saniyə də keçir və və o, yüksələrək günəşli səmaya can atır.[6] |
Azərbaycanda çadra, ticarətin inkişaf etdiyi bütün şəhərlərdə qadın qarderobunun əsas elementlərindən biri idi. Çadraya qarşı mübarizə 1908-ci ildə Bakıda, liberal burjua tərəfdarları tərəfindən başlanılmışdı. Lakin, etirazlar xürafatçı din tərəfdarları tərəfindən basılmış və zadəganlar geri çəkilməyə məcbur olmuşlar. Onlar razılığa gəlirlər ki, zadəganlar çadraya qarşı etirazları dayandıracaqlar, bunun əvəzində dindarlar Avropa tipli geyinmiş xanımları təhqir etməyəcəklər.
Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından sonra, qısa müddət ərzində Azərbaycan qadınının sosial statusu dəyişir. Onlar ictimayət arasına çıxaraq işləməyə başlayırlar. Bütün bu dəyişiklər özünü həm də Azərbaycan qadınının geyimində göstərir. 1920-ci illərdə daha əvvəl basdırılmış çadra əlehinə etirazlar yenidən baş qaldırır. Həmin dövrdə çadradan və xürafatdan imtina edən qız və gəlinlər evlərindən qovulurdu. Çadrasını atmış komsomol Səriyyə Xəlilova bu addımına görə atası tərəfindən öldürülmüşdü.
"Azad qadın" heykəli, həmin dövrdə Azərbaycanda hüquq və azadlıqları uğrunda mübarizə aparan qadınların qarşılaşdıqları çətinlik və haqqsızlıqlara qarşı mübarizəni əks etdirir. Həmin dövrdə hündür pyedestal üzərində ucaldılmış çadrasını çıxaran gənc azərbaycanlı xanımın heykəli Azərbaycan və Şərq qadının sosial bərabərliyinin simvolu kimi təqdim edilmişdi.[7]
Maraqlı fakt ondan ibarətdir ki, heykəlin prototipi Fuad Əbdürrəhmanovun həyat yoldaşı Xanım Əbdürrəhmanova (Rəhmanzadə) olmuşdur (X.Əbdürrəhmanova xalq rəssamı Maral Rəhmanzadənin bacısı idi)