Kraudfandinq (ing. dilindən crowdfunding — kütləvi maliyyələşdirmə, crowd — "kütlə", funding — "maliyyələşdirmə") — hər hansı bir layihəni geniş kütlə tərəfindən maliyyə və ya digər vəsaitlərlə təmin etmə praktikasıdır. Maliyyə vəsaitlərinin toplanması müxtəlif məqsədlərə xidmət edə bilər — təbii fəlakətlərdən zərər çəkmiş insanlara kömək, siyasi kampaniyaların dəstəklənməsi, yeni başlayan şirkətlərin və kiçik müəssisələrin maliyyələşdirilməsi, cavan incəsənət nümayəndələrinə dəstək, cəmiyyətin azgəlirli təbəqəsinin tibbi xərclərin qarşılanması, sosial-ictimai layihələrə dəstək və s[1].
Kraudfandinqi həyata keçirmək üçün, əvvəlcə bir məqsəd göstərilməli sonra bu məqsədə çatmaq üçün lazımi miqdarda pul təyin olunmalı, bütün xərclərin hesablanması aparılmalı və kraudfandinq prosesinin gedişatı haqqında olan məlumat hər kəsə açıq olmalıdır.
İnternet üzərindən keçirilən kraudfandinq, ilkin mərhələdə daha çox incəsənət və musiqi icmaları arasında məşhurluq qazandı. Musiqi sahəsində kütləvi maliyyələşmənin ilk diqqətəlayiq nümunəsi 1997-ci ildə oldu. İngiltərədən olan Marillion musiqi qrupunun fanatları, 1997-ci ildə Marillion qrupunun ABŞ turunu maliyyələşdirmək üçün internetdə təşkil etdikləri kampaniya nəticəsində $ 60 000 toplaya bilib. Bir müddət sonra, Marillion qrupu Anoraknophobia, Marbles və Happiness Is the Road kimi albomlarını yazmaq və təşviq etmək üçün artıq özü bu üsuldan istifadə etdi. Film sahəsində müstəqil yazıçı/rejissor Mark Tapio Kines 1997-ci ildə o dövrdə yarımçıq qalmış "Xarici Müxbirlər" filminin davamını maliyyələşdirmək üçün kraudfandinqdən istifadə etdi. Bunun üçün xüsusi veb-sayt yaratmış Mark Tapio Kines, filmini bitirmək üçün 1999-cu ilin əvvəlinə qədər, ən azı 25 fanatından $ 125 000 vəsait toplaya bildi.
2004-cü ildə, İngiltərənin Spanner Films şirkəti iqlim dəyişikliyi ilə bağlı "Axmaqlar əsri" adlanan filmin istehsalına başlamışdır. Frenni Armstronqun rəhbərlik etdiyi komanda, filmin istehsalı və tanıdılması üçün beş il ərzində (2004-cü ilin dekabrından 2009-cu ilədək) $ 1,000,000-dan daha çox pul yığmağı bacardı. Filmin çəkiliş heyətinin əmək haqqı çox az idi, lakin eyni zamanda heyət maaşdan əlavə kraudfandinq səhmləri adlanan qiymətli kağızlar da alırdı. Müqavilənin şərtlərinə görə, filmin yayımlandığı andan on il ərzində, kraudfandinqdə iştirak edən investorlara və çəkiliş heyəti üzvlərinə ildə bir dəfə royalti-dividendlər ödənilirdi.
1999-cu ildə Endi Uayt, İngiltərədəki freelancerlər üçün nəzərdə tutulmuş ticarət birliyini yaratmaq üçün 2000 podryatçılara müraciət edir. O, öz müraciətində ticarət birliyinin yaradılması üçün lazım olan £ 100 000 məbləğini toplamaq üçün hər bir podryatçıdan £ 50 dəyərində maliyyə bağışlanmasını xahiş edir. 5 günündən sonra artıq 2002 podryatçı pul köçürür və toplanılan məbləğə təşkilat yaradılır. Bu gün həmən təşkilatın üzvləri 14 mindən çox britaniyalıdır.
Hal-hazırda, kraudfandinqin dəstəyi ilə toplanılan məbləğlər xeyli artmışdır. 2012-ci ildə Double Fine Adventure və Wasteland 2 videooyun layihələri Kickstarter kraudfandinq saytı vasitəsilə hər biri $ 3 336 371 və $ 3 040 299 toplaya bilmişdir. Ümumi maliyyədə 87 mindən çox insan iştirak etmişdir.
Kraudfandinq konseptinin 2000-ci illərdən öncə istifadəsinə baxmayaraq, bu sözün ilk dəfə işlənməsi 2006-cı ilin Avqust ayında qeydə alınmışdır.