Mirey Matyö

Mirey Matyö (fr. Mireille Mathieu, 22 iyul 1946[1][2][…], Avinyon, Fransa[3]) — fransız müğənni.

Mirey Matyö
fr. Mireille Mathieu
Ümumi məlumatlar
Doğum adı Mireille Mathieu
Doğum tarixi (78 yaş)
Doğum yeri Avinyon, Fransa Fransa
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, yazıçı
Fəaliyyət illəri 1962–hal-hazırda
Janrlar şanson, pop musiqisi
Albom şirkətləri Ariola, Columbia Records, Polydor Records, Atlantic Records, Capitol Records[d]
Mükafatları "Dostluq" ordeni "Fəxri Legion" ordeninin zabit dərəcəsi Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany
mireillemathieu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirey Matyö 1946-cı il 22 iyul tarixində Avinyonda bənna ailəsində anadan olmuşdur. O, ailənin böyük uşağı olmuşdur. Onun uşaqlıq illərində ailəsi kasıblıq içində soyuq bir barakda yaşayırdı. Ancaq ailənin 8-ci uşağı dünyaya gəldikdən sonra onlara bələdiyyə evində dörd otaqlı mənzil verilir. Məktəb vaxtı Mireyin ilk müəllimi ilə olan münasibətləri səbəbindən qiymətləri çox pis olmuşdur. Məsələ onda idi ki, Mirey anadangəlmə solaxay olsa da, müəlliməsi ondan sağ əllə yazmağı tələb edirdi. Mirey sol əllə yazmaq istəyəndə müəlliməsi onun əlinə xətkeşlə vururmuş. Nəticədə Mirey oxu zamanı duruxa-duruxa danışdığından müəlliməsi onu sonuncu partada otuzdurmaq qərarına gəlir. Bundan sonra Mirey ümumiyyətlə dərslərə qulaq asmamağa başlayır. Növbəti sinifdə onun başqa müəlliməsi olmasına baxmayaraq, bütün bu təəssüratlar Mireyin yadındam çıxmamışdı. O, 13 yaşında məktəbi ataraq konvert istehsalı ilə məşğul olan fabrikdə işləməyə yollanır.

Mireyin 15 yaşı olanda ailəsinə hökumət tərəfindən hamam otağı da olan beşotaqlı mənzil ianə verilir. Sonralar Mirey xatırlayır: "Bu, mənim həyatımda ən gözəl günlərdən biri idi, çünki mən ilk dəfə vanna qəbul etmişdim! Bu çox gözəl təəssürat idi." Mirey uşaq yaşlarında oxumağı çox sevirdi və buna görə, gözəl tenor olan atasına borclu idi. Bu barədə o, öz xatirələrində yazır: "O evdə, emalatxanada oxuyanda, mən ona qulaq asaraq yerimdə donub qalırdım. Atamın səsi eşidilən kimi mən onu sarıbülbül kimi təkrarlayırdım. Bu onu sevindirirdi və nəhayət bir dəfə mənə bu ilin sonunda keçiriləcək bayramda mahnı oxumaq üçün mütləq iştirak edəcəyimi bildirdi." O, kilsə xorunda oxumaqla yanaşı, həmçinin operanı coşqu ilə sevən atası ilə duet oxuyurdu. 16 yaşında o, şəhər müsabiqəsində iştirak edərək ikinci yeri tutur. 1965-ci ildə isə o, bu yarışı udmağı bacardı və Avinyon meriyası onu "Tele Dimanş" kanalının "Fortuna oyunu" teleşousunda iştirak etmək üçün Parisə göndərdi.

Musiqi karyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

1965-ci il 21 noyabr tarixində Mirey Matyö ilk dəfə Fransa tamaşaçıları qarşısına çıxaraq "Jezebel" mahnısını ifa etmişdir. Onun çıxışı böyük gurultuya səbəb oldu. Çoxları səhnədə Edit Piafın yenidən çıxış etdiyini və onun səsinin 2 il əvvəl dünyasını dəyişən müğənninin səsinə oxşadığını bildirmişdilər. Çıxışından bir gün sonra prodüser Conni Stark Mireyin atası ilə kontrakt bağlayır. Bu gündən etibarən Mirey peşəkar müğənni kimi çıxış etməyə başlayır. Ona müğənnilik sənətində olan hər şeyi: vokal, not dərsi, səhnədə durmaq, düzgün nitq, etiket və bu kimi şeyləri öyrətdilər. 1966-cı ilim Milad bayramı ərəfəsində Mirey Fransanın dəbdəbəli konsert zalı sayılan "Olimpiya"nın səhnəsində çıxış etmişdir. Onun premyerasında Fransa estradasının çoxlu məşhur ulduzları çıxış etmişdir. Mireyin çıxışından sonra tamaşaçılara içərisində suallar yazılan vərəqlər paylandı:

Conni Stark və Mirey Matyö, 1971-ci il

1. Mirey Matyö sizin xoşunuza gəldimi?

2. Onun Piafla oxşarlığı sizə mane olurmu?

3. Siz Piafın hər-hansı qala konsertində nə vaxtsa iştirak etmisinizmi?

Çoxlu tamaşaçılar Mireyi bəyənsə də, lakin onun Piafla oxşarlığını da qeyd etmişdilər. Buna görə, Conni Stark ona Edit Piafın səsyazmalarına qulaq asmağı və onu yamsılamağa çalışmağı qadağa qoyur. Conni Mireyin belə edəcəyi təqdirdə, onda onun məşhur müğənninin solğun kölgəsi olacağını izah eləyir. Bu andan etibarən Mirey və onun prodüseri estradada layiqli yer tutmaq üçün yeni stil axtarışına başlayırlar. Tezliklə Mireyin fransız şansonun patriarxı sayılan Moris Şevalye ilə görüşü baş tutur. Bu zaman Şevalye ona bu sözləri söyləmişdir:

— Siz necə də istəkli qızcığazsınız! Diqqət yetirin, mən "Piaf"ı əlavə etmədim. Çünki sizin aranızda böyük fərq vardır. Qızcığaz Piaf həyatın kölgəli tərəfi ilə getdi, amma siz həyatın günəşli tərəfi ilə gedəcəksiniz.

Bu sözlərlə Moris Şevalye Mireyin gələcək yolunu müəyyənləşdirdi.

Mirey Matyenin bəstəkar Pol Morianın mahnılarından ibarət olan ilk diski sayılan Mon credo nun yarım il ərzində Fransada 1 milyon nüsxəsi satılmışdır.

Beynəlxalq uğuru

[redaktə | mənbəni redaktə et]

Mirey Matye "fransız musiqisinin səfiri" olmuşdur. 100 milyondan çox plastikasının bütün dünyada satıldığı və repertuarında fransız, alman, ingilis, italyan, ispan, provans, katalon, yapon, çin, rus və fin dillərində 1000-dən çox mahnısı olan Mirey Matyö ən müxtəlif səhnələrdə, ən müxtəlif tamaşaşı qarşısında çıxış etmişdir. Mirey Çində konsert verən ilk qərbli müğənni olmuşdur. 1970-ci illərdən başlayaraq, Mirey demək olar Fransa səhnəsində çıxış etməmişdir. Ancaq 1985-ci ilin sonunda Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə "Olimpiya" səhnəsinə qayıdan Mireyin 5 il ərzində Konqresslər sarayında böyük konsertləri olmuşdur. 1990-cı ilərdə müğənninin Edit Piafın xatirəsinə olan "Edit Piaf" (1993) və "Vous lui direz….." (1996) albomları çıxmışdır.

Onun repertuarında Pyer Delanoe, Şarl Aznavur, Lemel, Revo kimi məşhur fransız müəlliflərinin mahnılarına rast gəlmək olardı. 1978-ci ildə Mirey Matye Fransanın milli simvolu olan Mariannanın prototipi kimi seçilmişdi.

1989-cu ildə Eyfel qülləsinin 100 illik yubileyi ilə əlaqədar keçirilən mərasim zamanı Fransanın himni sayılan Marselyoza]]nı Respublika qvardiyasının orkestri və Fransa ordusunun xorunun müşayəti ilə ifa eləmişdir. Marselyozanın onun tərəfindən ifası çoxlu ölkələrə translyasiya edilmiş və dünyada ən məşhur mahnılardan biri olmuşdur.

1998-ci ildə Fəxri Legion ordeni ilə təltif edilmişdir.

1967-ci ilin yayında Mirey fransız müzik-holunun tərkibində SSRİ-də ilk dəfə çıxış etmişdir. Sonralar o, SSRİ-də 1976-cı ildə Fransa televiziyasının SSRİ həftəsi çərçivəsində Böyük teatrda çıxış etmişdir.

2005-ci ilin noyabrında Mirey Matyö "Olimpiya" səhnəsində yaradıcılığının 40 illiyinə həsr olunmuş və "40 il sevgi və ilham" adlı konsert seriyaları vermişdir. Bu konsertlər əsasında videoproqram hazırlanmış və müğənninin ilk DVD-si işıq üzü görmüşdür.

Mirey Matyö 2008, 2010 və 2012-ci illərdə Moskvada Kreml sarayında böyük konsertlərlə çıxış etmişdir. 2010-cu ildə çıxış etdiyi konsert onun yaradıcılığının 45 illiyinə həsr olunmuşdur. 2012-ci ildə 1812-ci il Vətən müharibəsinin 200 illiyinə həsr olunmuş festivalda o, RusiyaFransanın himnini ifa etmişdir. 2010-cu ilin 4 noyabr tarixində Mirey Matyö Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev tərəfindən "Dostluq Ordeni" ilə təltif edilmişdir.

  1. Mireille Mathieu // GeneaStar.
  2. Mireille Mathieu // Roglo. 1997.
  3. Deutsche Nationalbibliothek Record #119032074 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]