Multimedia mesaj xidməti

Multimedia mesaj xidməti (ing.Multimedia Messaging Service, ru.служба мультимедийных сообщений) - şanvari rabitə şəbəkələrində multimedia məlumatlarının (görüntülərin, melodiyaların, video materialların) ötürülməsi sistemi. EMS xidmətinin inkişaf etdirilmiş variantıdır. Məlumatları təkcə mobil telefona deyil, həm də elektron poçta göndərməyə imkan verir. MMS məlumatının ölçüsü 999 kilobaytadək ola bilər (MMS 2.0 standartı). Mobil rabitə operatoru göndərilən məlumatın ölçüsünə öz məhdudiyyətini qoya bilər. Bəzi mobil telefonlarda MMS-in ölçüsü 100 kilobaytdan artıq ola bilməz. Bu məlumatda fotoqrafiya və ya sürəkliliyi təxminən 10 saniyə olan 3GP formatlı video yerləşdirmək olar, yaxud da müxtəlif formatlı (MIDI, MP3, MMF – Synthetic Music Mobile Application Format) kiçik melodiyalar və ya diktofon yazıları göndərmək olar. MMS məlumatı iki hissədən ibarətdir. Məlumatın özü telefon operatorunun xüsusi WAP-serverində saxlanır. İkinci hissə – xüsusi SMS məlumatı isə alan şəxsin telefonuna göndərilir. Əgər alanın telefonu MMS-i dəstəkləyirsə, onda ekrana, adətən, gələn MMS-məlumat haqqında bildiriş və əsas hissəni endirmək təklifi çıxır. Əgər telefon MMS-i dəstəkləmirsə, onda, adətən, əsas hissəyə WAP-istinadı olan adi SMS məlumatı gəlir.


Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.