Ağıllı saat — saat formasında olan geyinilə bilən kompüter. Müasir ağıllı saatlar gündəlik istifadə üçün yerli sensor ekran interfeysini təmin edir, əlaqəli smartfon tətbiqi isə uzunmüddətli biomonitorinq kimi idarəetmə və telemetriyanı təmin edir. İlk modellər hesablama, rəqəmsal vaxtın göstərilməsi, tərcümə və oyun oynamaq kimi əsas vəzifələri yerinə yetirə bilsə də, 2015-ci ildən sonra buraxılan ağıllı saatlar mobil tətbiqlər, mobil əməliyyat sistemi və Wi-Fi/Bluetooth bağlantısı daxil olmaqla smartfonlara bənzər ümumi funksionallığa sahib olmağa başladı. Bəzi ağıllı saatlar FM-radio və Bluetooth qulaqlıq vasitəsilə rəqəmsal audio və video faylları oxutmaqla portativ media pleyer kimi fəaliyyət göstərə bilir. Saat telefonları (və ya telefon saatları) adlanan bəzi modellər telefon zəngləri etmək kimi mobil şəbəkə funksiyalarına sahibdir.[1][2][3]
Daxili avadanlıqları fərqli olsa da əksəriyyətində arxa işıqlı LCD və ya OLED olan elektron vizual displey mövcuddur.[4] Bəziləri daha az enerji sərf etmək üçün transflektiv və ya elektron kağızdan istifadə edir. Adətən yenidən doldurula bilən lityum-ion batareya ilə təchiz edilirlər. Periferik cihazlara rəqəmsal kamera, termometr, akselerometr, addımölçən, ürək döyüntüsünü ölçən cihaz, altimetr, barometr, kompas, naviqasiya cihazı, kiçik səsucaldanlar və əksər kompüterlər tərəfindən yaddaş qurğusu kimi tanınan SD kartlar daxil ola bilər.
Proqram təminatına rəqəmsal xəritə, zamanlayıcı və gündəlik, kalkulyator və müxtəlif növ saat üzlükləri daxil ola bilər. Saat sensor, simsiz qulaqlıq və ya HUD kimi xarici cihazlarla əlaqə saxlaya bilər. Digər kompüterlər kimi ağıllı saat da daxili və ya xarici sensorlardan məlumat toplaya bilər və digər alətlər və ya kompüterlərdən məlumatları idarə edə və ya əldə edə bilər. O Bluetooth, Wi-Fi və GPS kimi simsiz texnologiyaları dəstəkləyə bilər. "Saat kompüteri" bir çox məqsədlər üçün müxtəlif simsiz texnologiyalardan istifadə edərək smartfonla əlaqə quran ön uc kimi xidmət göstərir. Ağıllı saatların xüsusilə dizaynı, batareya tutumu və sağlamlıqla bağlı tətbiqləri inkişaf etməkdədir.[5] Sağlamlıqla bağlı tətbiqlərə ürək döyüntüsünü, SpO2-ni (qanın oksigenlə doyması) və məşqi ölçən tətbiqlər daxildir.
Ağıllı saatlar 2010-cu illərdə populyarlıq qazanmağa başladı. Ağıllı saatlar günümüzdə əsasən fitnes izləyiciləri, smartfon əyləncəsi və ya ünsiyyət "yoldaşları" kimi istifadə olunur.[6] Qlobal ağıllı saat satışı 2019-cu ilin üçüncü rübündə 14 milyon ədəd təşkil edib.[7] 2019-cu ildə bazar lideri Apple olub, ondan sonra isə Samsung, Imoo, Fitbit, Amazfit, Huawei, Fossil və Garmin gəlib.[8]
Böyük Britaniyanın Which? istehlakçı təşkilatı tərəfindən aparılan ətraflı sınaqlar nəticəsində onlayn şəkildə satılan ultra ucuz ağıllı saatların və fitnes qolbaqlarının həddən artıq məlumat toplama, məlumatların təhlükəsiz saxlanmaması, məlumatların toplanmasından imtina etmək üçün heç bir yol və digər icazəsiz istifadəçiləri bloklamaq üçün təhlükəsizlik kilidi funksiyası da daxil olmaqla ciddi təhlükəsizlik problemlərinin olması aşkar edilib. Tipik olaraq saatın tətbiqi pasport, əməliyyatlar, bank hesabı və şəxsiyyət vəsiqələri məlumatı kimi "şəxsiyyəti müəyyən edə bilən məlumatları və şəxsi əmlak məlumatlarını" toplamaq və saxlamaq üçün icazə tələb edə bilər, hansı ki icazə verilmədiyi təqdirdə edilə bilməz. İstifadəçi məlumatın təhlükəsiz saxlandığını bilə bilməz və onu silmək mümkün deyil. Təchizatçının hər hansı məqsədlə məlumata baxmasına və ya satmasına nəzarət yoxdur. Əksər hallarda toplanmış məlumatlar təchizatçıya ötürüldükdə şifrələnmir.[9]
Which? bu saatların funksionallığını xüsusi olaraq sınaqdan keçirməyib, ancaq təhlükəsizlik sınaqları zamanı bəzi saatların qola taxılmadan və hərəkət etmədən nəbzi, qan oksigenini ölçdüyünü və addımları saydığını aşkar edib: "bu onların ən yaxşı halda qeyri-dəqiq və ən pis halda faydasız olduğunu göstərir".[9]
Böyük Britaniyada 2024-cü ildən qüvvəyə minəcək Məhsulun Təhlükəsizliyi və Telekommunikasiya İnfrastrukturu Aktı 2022-ci ilin dekabrında qəbul edilib.[10] Ağıllı saatları da əhatə edəcək olan bu qanun ağıllı cihazların istehsalçıları, idxalçıları və distribütorlarının (onlayn bazarlar da daxil olmaqla) cavab verməli olduğu təhlükəsizlik standartlarını müəyyən edir.[9]