Noyenqam həbs düşərgəsi (alm. Konzentrationslager Neuengamme) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın Hamburq şəhərində yaradılmış, 1938 - 1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi. İkinci dünya müharibəsinin sonuna kimi düşərgədə 106 min nəfər şəxsin yarısı ölmüşdür.[1] Britaniya ordusunun işğalı nəticəsində isə SS qoşununun saxlanılma mərkəzi kimi istifadə olunmuşdur. Həmin ərazi hal-hazırda muzey kimi fəaliyyət göstərir.
Düşərgədə məhbuslardan, əsasən, alman ordusuna məxsus silahların daşınmasında istifadə olunurdu. Onlar çətin mövqelərdəki ağır işlərə göndərilib istismar olunmuşdur. Mənbələrə görə 50 min insan bunlara dözməyərək həlak olmuşdur. Qadınlar isə bina və kanalların tikintisində zorla işlədirlirdi.
Təxmini, 28 millətdən olan nümayəndələr, həmçinin yerli yəhudi məhbuslar saxlanılırdı. Bu siyahıya kommunistləri, homoseksualları, qaraçıları və s. əlavə etmək olar. 20 min şəxsin adı memorialda əks olunmuşdur.
Ölkə | Kişilər | Qadınlar | Cəmi |
---|---|---|---|
SSRİ | 28,450 | 5,900 | 34,350 |
Polşa | 13,000 | 3,900 | 16,900 |
Fransa | 11,000 | 500 | 11,500 |
Almaniya | 8,800 | 400 | 9,200 |
Hollandiya | 6,650 | 300 | 6,950 |
Belçika | 4,500 | 300 | 4,800 |
Danimarka | 4,800 | - | 4,800 |
Macarıstan | 1,400 | 1,200 | 2,600 |
Norveç | 2,200 | - | 2,200 |
Yuqoslaviya | 1,400 | 100 | 1,500 |
Çexoslovakiya | 800 | 580 | 1,380 |
Yunanıstan | 1,250 | - | 1,250 |
İtaliya | 850 | - | 850 |
İspaniya | 750 | - | 750 |
Avstriya | 300 | 20 | 320 |
Lüksenburq | 50 | - | 50 |
İslandiya | 1 | - | 1 |
digər ölkələr | 1,300 | 300 | 1,600 |
Ümumi | 87,500 | 13,500 | 101,000 |
qeyri-rəsmi | - | - | 5,000 |
Qlobal miqyas | - | - | 106,000 |
Deportasiyada ölənlər | - | - | 55,000 |
13 dekabr 1938-ci ildə artıq Noyenqamın tikintisi başa çatmışdı və Zaksenhauzen həbs düşərgəsidən 100 məhbus gətirilmişdi.
Aprel 1940-cı ildə SS və Hamburq şəhəri Almaniyada fəaliyyət göstərən kərpic zavodu ilə müqavilə imzaladı. Bunun nəticəsində düşərgə genişləndi və müstəqil fəaliyyət göstərdi.
Şahidlərin sözlərinə görə həmin il 200 SSRİ əsgəri xüsusi qaz kameralarında öldürülmüşdür. Artıq Hamburqda ölənləri yandırmaq üçün krematoriya tikilmişdir.
Noyabr ayında düşərgəyə artıq ilk qadınlar gətirildi.
1944-cı ilin yayında Auşvits həbs düşərgəsindən onlarla qadın məhbus Noyenqama köçürüldü.Həmin ilin sonuna kimi düşərgədəki ümumi məhbus sayı 49 min idi.
15 mart 1945-ci ildə düşərgəyə Skandinaviyadan əsirlər gətirildi.Müharibənin son günlərində məhbuslar Almaniyanın işğal olunmamış bölgələrinə köçürülürdü. 2 may 1945-ci ildə sağ qalanlar Noyenqamı tərk etdi.
Müharibənin ardınca düşərgə Britaniya qüvvələrinin nəzarətinə keçərək SS hərbi qulluqçularının və Nasist rəsmilərinin məhkəməyə qədər saxlanıldığı yer idi.