Qazaxıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Qazaxıstanda yaşayan hissəsinin adı, Qazaxıstanın bütün ərazisində məskunlaşmışdırlar. Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin siyasi repressiya dövründə oraya məcburi köçürülənlər və onların övladlarıdır. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər də az deyildir. Qazaxıstanın 16 vilayətindən 14-də azərbaycanlılar özlərinin icma və birliklərini yaratmışlar. 2007-ci ilə olan qeyri-rəsmi mənbələrə əsasən Qazaxıstanda 110,000-300,000 arasında etnik azərbaycanlı yaşayır.[2] Rəsmi məlumata əsasən 1 yanvar 2012-ci il tarixinə Qazaxstanda 93,490 nəfər etnik azərbaycanlı yaşamaqdadır.[1]