Qum (Qax)

QumAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Qum
41°27′26″ şm. e. 46°54′35″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 681 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.954 nəf.
Qum xəritədə
Qum
Qum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qum kəndi qədim tarixə malikdir. Kəndin tam mərkəzində ucalan V əsrə aid Qum məbədi, kəndin yuxarı başında yerləşən, XVIII əsrə aid mudafiə məqsədi ilə tikilmiş Sirt qalası[1], dağların qoynunda yerləşən Taxta qaya adlı abidə buna əyani sübutdur.

Kəndin sakinləri olan saxurlar Qafqaz Albaniyası dövründə yaşayan 26 tayfadan biri olub. Onlar haqqında ilk dəfə eramızdan əvvəl 80-60-cı illərdə Lukull ve Pompeyin Qafqaza yürüşlərində rast gəlinir.[2] Qədim gürcü mənbələrində onlara suci, ölkələri isə Suceti və ya Tsuketi adlanır.[3] Onlara həmçinin eri ,ölkələrinə isə Ereti deyirdilər. Qum kəndi Qafqaz Albaniyası dövləti süqut etdikdən sonra Saxur xanlığının (VII-XVI əsr) tərkibində olub.[4] 1562-ci ildə Saxur xanı Adıgörklü bəyə I Təhmasibin sultan titulu verməsindən sonra dövlət İlisu sultanlığı adlandırılmağa başlayıb.[5] İlisu sultanlığının süqutundan sonra ərazilər Rusiya imperiyasının təsirinə keçib. Qax-Zaqatala regionu daxilində olan bu ərazilər 1918-ci ildə müstəqil olan Azərbaycan Demokratik Respublikası ilə Gürcüstan Demokratik Respublikası arasındakı mübahisəli ərazi olub. 1922-ci il martın əvvəlində Zaqafqaziya Bürosunun qərarı ilə Qax-Zaqatala ərazisi Azərbaycanın tərkibinə verildi.[6]

Əhali milli toy və dəfn mərasimlərini qoruyub saxlayıblar. Toy gününün səhərisi olan məclis Qazaxdağıtdı və ya Bəy oturan gün adlanır. Kişilər bəyin, qadınlar isə gəlinin başına yığışır. Qədim zamanlardan qalan bu adətdə bəyin ətrafına yığışan şəxslər bəy üçün tərif söyləməli və bəyin şərəfinə pul verməlidir. Məclisi bəyin ətrafında olan sağdiş və soldiş idarə edir. Məclisdə özünü yaxşı aparmayan şəxslər bəyin əmri ilə cəzalandırılır. Cəzalandırılma cəlladlar tərəfindən ayaqdan asılmaqla yerinə yetirilir. Məclisdə bəy istənilən şəxsi cəzalandırmaq hüququna malikdir. Sonda qız evindən plov gətirilir və oğlan evi plova qiymət qoyur. Bu qiymətləndirmə tərəflərin razılaşması ilə sona çatır. Bəy plovu gətirildikdən sonra ip endirilir. Bəy plovundan əvvəl isə bəyin özü də asıla bilər.

Kənddə "Qum kənd mədəniyyət-istirahət mərkəzi" fəaliyyət göstərir.[7]

Qədim zamanlarda saxurlar oda sitayiş edirdilər.Bu inanc saxur dilində bəzi ritual sözlərində, and və qarğışlarda - öz əksini tapmışdır. Məsələn, "Al duvagık tsa qixan" qarğışının tərcüməsi: "Qoy toy çələngin yansın!"; "Vereqena qkalla" andının mənası da "Günəşə and olsun!" 313-cü ildə saxurlar xristianlığı qəbul etmişlər. 4-7-ci əsrlər Qafqaz Albaniyasının tərəqqi dövrü hesab edilir. Bu ölkənin dövlət dini xristianlıq olduğundan məbəd, kilsə və monastırların tikilməsinə böyük əhəmiyyət verilirdi. Kənddə isə 2 alban kilsəsinin qalıntıları qalıb. Bunlardan biri Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunan Qum bazilikasıdır.[8][9][10] Kəndin kənarında çox da böyük olmayan digər alban məbədi vardır. Abidə qədim məhəllə kilsəsi kimi fəaliyyət göstərmişdir. İslamı qəbul etməsi isə eyni zamanda baş verməyib. 8 və 12-ci əsrlər dövrünü əhatə edir. Kənddə XVIII əsrə aid sünnü məscidi fəaliyyət göstərir. Burada həftədə bir dəfə yerli molla Azərbaycan dilində xütbə aparır. Cümə məscidi 18-ci əsr abidəsi olmaqla dövlət tərəfindən qorunur. Kəndin əhalisinin tamamı sünniliyin Şafi məzhəbinə mənsubdurlar.[11][12] Kəndin əhalisi son dərəcədə sekulyardır. Son zamanlarda sələfilik meylləri artmaqdadır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
Qum kəndi iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 11 13 19 27 30 33 36 36 32 27 19 14 24,8
Maksimum orta, °C 4,2 4,9 9,5 17,2 21,1 25,4 29 27,7 24,2 17,4 12,2 6,9 16,6
Orta temperatur, °C 0,7 1,4 5,4 11,9 16,1 20,2 23,5 22,6 18,9 12,8 8,5 3,3 12,1
Minimum orta, °C −2,8 −2 1,3 6,6 11,1 15 18,1 17,5 13,7 8,2 4,8 −0,3 7,6
Mütləq minimum, °C −8 −9 −5 1 6 10 14 14 8 4 −2 −6 2,3
Yağıntı norması, mm 30 46 59 77 97 101 63 60 57 76 50 29 745
Mənbə: [3] [4]

Qum kəndi Qax rayon mərkəzindən 6 km aralıda Baş Qafqaz Silsiləsinin ətəyində, dəniz səviyyəsindən 700 m yüksəklikdə yerləşir. Qum kəndində çox da böyük olmayan dağ çayı – Ərdəva çayı axır.[13] Ərdəvaçay öz başlanğıcını Rəcəbqaya, Qaraqaya və Ərdəva dərəsindən axan suların birləşməsi ilə götürür. Çay kəndin yuxarı hissəsində 2 hissəyə bölünür. Çayın bir hissəsi həyətyanı sahələrin suvarılmasında istifadə edilir, digər hissə isə Süskənd kəndinə doğru yol alır. Ərdəvaçayın ən böyük qolu sağ tərəfdən qəbul etdiyi Qarasu çayıdır. Ərdəvaçayın uzunluğu təxminən 18 kilometrə çatır və sonda Qapıçaya tökülür. Çayda qızılbalıq və daban balığı tutulur. Dağ ətəkləri sıx meşələrlə əhatə olunub. Meşələr isə əsasən yabanı meyvə ağaclarından, əzgil, alça, zoğal, meşə alması, meşə armudu ağaclarından ibarətdir.

1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qum kəndində milli tərkibi ləzgilərdən və muğallardan ibarət 128 ailə yaşayırdı.[14] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik azərbaycanlılar muğallar, ləzgi dilləri nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.

1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 1.255 nəfər əhali yaşayırdı.[15] Məişət həyatında da bir çox xüsusiyyətlər qorunmaqdadır. Hətta köhnə mətbəx ənənələri yaşamaqdadır.

Hazırda kənd əhalisinin çoxluq hissəsi etnik saxurlardan ibarətdir və saxur dilində danışır.[16] Kəndin şimalı saxur dilində danışsa da cənub hissəsi əsasən etnik Azərbaycan türkləri ,yəni muğallardan ibarətdir və Azərbaycan dilində danışır. Ümumən saxur dilində hal hazırda kənddə yalnız yaşlı insanlar ünsiyyət qurur.

13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2.881 nəfər (1.422 nəfəri kişilər, 1.459 nəfəri qadınlar) əhali yaşayırdı.[17]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Qum kəndində 607 təsərrüfatda hər iki cinsdən toplam 2.075 nəfər əhali yaşamaqdadır.[18]

Nizami Gəncəvinin Qum kəndindən olma iddiası

[redaktə | mənbəni redaktə et]

Dahi şair Nizami Gəncəvinin Qax rayonunun Qum kəndində anadan olması ilə bağlı bəzi tarixi sənədlər mövcuddur.[19] Bəzi tarixi mənbələrdə Nizami Gəncəvinin İranın Qum kəndindən dünyaya gəldiyi barədə fikrlər qabardılsa da, bəzi tarixi sənədlərdə onun məhz Azərbaycanın Qax rayonunun Qum kəndində anadan olması öz təsdiqini tapır.

Bir çox əsərlərdə “Kohestan” və ya “Qohestan” kimi adı hallanan yer əslində indiki Qax rayonudur. Elə Qum kəndində dahi şairin şərəfinə qoyulan büstün ətrafında yazılan əlyazmadan parçalar da bunu bir daha sübut edir.

Tarixçi Vidadi Şıxəmirov dahi şairin əsərlərində də onun məhz Qum kəndində doğulması ilə bağlı faktların əks olunduğunu bildirir. Nizami yurdu... Qum kəndi Qaxda bu adla tanınır. Belə rəvayət olunur ki, Nizami Gəncəvi Böyük Qafqaz dağlarını gəzəndə Qumdakı bir yüksəklikdən Kəpəz dağını seyr edərmiş. Hələ o vaxt Qum kənd müəllimləri və məktəbliləri tarixçi, şərqşünas alim Ziya Bünyadova məktub ünvanlayıblar. Cavab məktubunda isə şairin, həqiqətən də, Qax rayonunun Qum kəndindən olması təsdiqini tapır.

Məktubda “...bəli, Nizami Qum kəndindəndir və sizin həmyerlinizdir” cümələləri əksini tapmışdı. Qum kəndində doğulan Nizami Gəncəvi Gəncə şəhərində yaşayıb, yaradıb.[20]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Şəxsi həyətlərdə meyvə ağacları və bostanlar vardır. Həyətlərdə üzümçülük də geniş yayılmışdır. Burada "izabella" və "amerikan" üzüm növlərindən ev şəraitində çaxır hazırlanır. Kəndin əhalisi fındıqçılıqla məşğul olur. Yaşam əsasən qoz və fındıqdan alınan gəlirlər hesabına mümkün olur.

Sürhüllü - 3 santimetrlik kiçik xəmir tikələri. Hər xəmir tikəsi şəhadət bayrağı ilə eşilir, burulmuş bir yarpaq və qayıq şəklini alır. Ondan sonra bu yarpaqları qaynar bulyonda bişirirlər və suda bişmiş qaxacla birlikdə verirlər.

Qırts - Ətli və ya kəsmikli pelmen. Həmçinin qurudulmuş otla:gicitkan, dəvədabanı, turşəng, bağayarpağı ilə bişirilir Maxxvara - Qabarıq, sferik, isti sacda bişirilir. Undan düzəldilmiş həlim isti sacın üzərinə tökülür və saçaqlı forma alır.

Ekoloji problemlər

[redaktə | mənbəni redaktə et]

Son zamanlar Ərdəvaçayın suyunda xeyli azalma müşahidə olunur. Bu həm təbii, həm də qeyri təbii səbəblərdən baş verir. 2012-2013-cü illərdə baş verən güclü zəlzələlər tektonik yerdəyişməyə səbəb olduğundan yeraltı bulaqların yer üzünə çıxmasının qarşısını alıb. Bu da çayda xeyli azalmaya səbəb olub. Kənd sakinlərinin həyətyanı sahələrinin sulamasında böyük problemlər yaranıb. Suyun azalması o həddə çatıb ki, çay Qapıçaya çata bilmir, bu həm Qum kəndinin sakinlərinə həm də çayın ətrafında yerləşən Süskənd kəndinin sakinlərinin su ehtiyacını ödəməsində böyük çətinliklər yaradır. Suyun azalmasında digər səbəb isə Qax rayonuna Ərdəvaçaydan su çəkilməsidir. Suyun az olması səbəbi ilə çayda əvvəl bol olan Qızılbalıq demək olar ki, məhv olub. Kənddə digər problem isə Şabalıd ağaclarının qurumasıdır. Xəstəlik nəticəsində Şabalıd ağaclarının demək olar ki, hamısı quruyub

  1. "İnsanların "sırt çevirdiyi" Sirt qalası (FOTO)". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-28.
  2. http://refdb.ru/look/1650705-p21.html[ölü keçid]
  3. Saxurlar kitabı.2012.s.14.
  4. "Arxivlənmiş surət". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-31.
  5. [Х. Х. Рамазанов, А. Р. Шихсаидов. Очерки истории Южного Дагестана. — Махачкала: Дагестанский филиал Академии наук СССР, 1964. — С. 99-101.]
  6. "Arxivlənmiş surət". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-20.
  7. Şabanov, N. Qax: Qum kənd mədəniyyət-istirahət mərkəzində tut festivalı //Ədalət.- 2015.- 3 iyul.- S.3.
  8. Шарифов Д. Город Кум "Низами сб 2 Б-1940
  9. Şahmərdan Əhmədli. Qum məbədinin itmiş kitabəsi haqqında düşüncələr. Qax: 1994
  10. H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: 1998
  11. [1]
  12. [2]
  13. "Arxivlənmiş surət". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-31.
  14. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
  15. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 148
  16. SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine
  17. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu[ölü keçid]
  18. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
  19. Azərbaycan Atabəyləri dövləti.1985,səh 225
  20. "Arxivlənmiş surət". 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-20.