Rusiya İmperiyasında yəhudi kənd təsərrüfatı koloniyaları

Rusiya İmperiyasında yəhudi kənd təsərrüfatı koloniyaları (ivr.ההתיישבות היהודית החקלאית בדרום אוקראינה‏‎; rus. Еврейские земледельческие колонии в Российской империи) — Rusiya imperiyasının müxtəlif quberniyaəyalətlərində yaradılmış, yaradılmağa cəhd edilmiş etnik yəhudi təsərrüfat gettoları və ya yəhudi kənd təsərrüfatı koloniyaları. Digər etnik millətlərə nəzərən kənd təsərrüfatı sahəsində əhəmiyyətli uğurlar və bol məhsul əldə edən yəhudilərin imperiya boyunca müxtəlif təsərrüfat koloniyalarının yaradılması Rusiya imperiyasının XIX əsrin 40-cı illərindən etibarən əsas daxili siyasətlərindən biri olmuşdur.

Rus və Belarus rəssamı, XX əsrin əvvəllərində rəssamlıqda Yəhudi İntibahının görkəmli xadimlərindən biri Yehuda Pen tərəfindən çəkilmiş yəhudi Yəhudi kolxozçu tablosu. (1925)

İlk dəfə 1806-cı ildə Rusiya imperiyasının Xerson quberniyasında yaradılmış kənd təsərrüfatı ilə məşğul olan yəhudilərin yaşadığı məskənlər. Yəhudilərin özlərinə məxsus koloniyalarda yaşaması üçün Rusiya imperiyasında 1804-cü ilin 9 dekabr tarixində xüsusi fərman qəbul edilmişdir. Həmin fərmana görə yaradılması nəzərdə tutulan yaşayış məskənlərində yəhudilər üçün müxtəlif güzəştlər nəzərdə tutulmuşdu. Vergilərin azadılması, torpaq qiymətlərinin aşağı salınması və yəhudilər üçün stabil saxlanılması, Rusiya imperiyası daxilində hərbi xidmətdən azad olma kimi güzəştlər kənd təsərrüfatı ilə məşğul olan yəhudilər üçün nəzərdə tutulmuşdu.

Rusiya imperiyasının 1827-ci ildən etibarən ardıcıl olaraq müxtəlif dünya dövlətləri ilə müharibələrə girməsi səbəbindən yəhudilər üçün nəzərdə tutulmuş həqiqi hərbi xidmət keçməməklə bağlı imtiyaz həmin ildən etibarən ləğv edilmişdir. Yeni Rusiya və Qərbi Kraydakı digər koloniyalar da zamanla sözügedən imtiyazlara qoşulmuşdular. Digər etnik millətlərə nəzərən kənd təsərrüafatı sahəsində əhəmiyyətli uğurlar və bol məhsul əldə edən yəhudilərin imperiya boyunca müxtəlif təsərrüfat koloniyalarının yaradılması Rusiya imperiyasının XIX əsrin 40-cı illərindən etibarən əsas daxili siyasətlərindən biri olmuşdur.

1835-ci ildə Xerson quberniyasında yaradılmış kənd təsərrüfatı koloniyasının bənzərini yaratmaq cəhdi uğursuzluqla nəticələndi. Yəhudilər soyuq iqlim və sərt torpaq şəraitində arzuladıqları nəticəni əldə edə bilmədilər.[1] 1846-cı ildə Yekaterinoslav quberniyasının inzibati sərhədləri daxilində oxşar koloniya yaradıldı.[2]

1858-ci ildə Podolsk quberniyasında aparılmış əhalinin siyahıyaalınmasına görə 1.100-dən çox ailəni əhatə edən 18 yəhudi kənd təsərrüfatı koloniyası ərazidə mövcud idi. Yaradılmış ən uğurlu və ən böyük yəhudi kənd təsərrüfatı koloniyalarından biri indiki Ukraynanın Xmelnitski vilayətinin sərhədləri daxilində yerləşmiş Starı maydan adlı təsərrüfat koloniyası olmuşdur. XX əsrin əvvəllərində təxminən 100 min nəfərdən çox yəhudi imperiya tərəfindən onlar üçün yaradılmış təsərrüfat koloniyalarında yaşamaqda idilər.[3]

1890-cı illərin əvvəllərində ingilis yazıçısı Arnold Uayt yəhudi mesenat və xeyriyyəçi baron Moris de Hirşin tapşırığı ilə rus yəhudilərinin vəziyyətini araşdırmaq üçün Xerson quberniyasına səfər etmişdir. Kolonistlərin yaşadığı əraziləri gəzən yazıçı ərazilərdəki çətinliklərə baxmayaraq əhalinin sürətlə artdığını və ilk yaranan tarixdən 80 ildən sonra bəzi koloniyalarda təsərrüfat üçün yetərli yerlərin qalmadığını müşahidə etmişdir. İngilis yazıçı öz qeydlərində həmçinin qadınlara təsərrüfat işləri ilə məşğul olmağa icazə verilmədiyini də qeyd etmişdir.[4]

Rusiya imperiyasının ölkə iqtisadiyyatını inkişaf etdirmək məqsədilə atdığı və bir növ təcrübə məqsədi daşıyan bir etnik qrup üçün xüsusi kənd təsərrüfat koloniyası yaratmaq planı gözləniləndən daha da uğurlu oldu. Bəzi yəhudi kənd təsərrüfatı koloniyaları, nizamnamədə onlara verilmiş hüquqların sərhədlərindən kənara çıxaraq əlavə işlərlə məşğul olmağa və daha da genişlənməyə başladılar. Məsələn, ticarət fəaliyyəti ilə məşğul olmaq koloniyalara tanınmış hüquqlar daxilində deyildi, ancaq XIX əsrin 80-ci illərindən etibarən Xerson quberniyasıPodolsk quberniyasında yaradılmış koloniyalar aktiv şəkildə ticarət fəaliyyəti ilə məşğul olurdular.

XIX əsrin sonlarında Xerson quberniyasındakı bank sisteminin formalaşdırılması və vergi ilə əlaqədar digər maliyyə işlərinin aparılması yəhudilərin kənd təsərrüfatı və ticarətdən əlavə maliyyə sahəsindəki fəaliyyətlərini də göstərməkdədir. Şəkər çuğunduru, qış buğdası və ya günəbaxan kimi məhsulların sözügedən koloniyalarda becərilməsi nəticəsində indiki Ukrayna ərazilərində mövcud Rusiya imperiyasının quberniyaları Avropa üçün çörək səbəti rolunu icra etmişdir.

Rusiya imperiyasının şəkər çuğunduru sənayesi demək olar ki, yəhudi kənd təsərrüfatı koloniyalarının fəaliyyəti və zəhmətkeşliyi hesabına formalaşır və idarə olunurdu. XIX əsrdə Kiyev general-quberniyasının inzibati mərkəzi Kiyev şəhərində yaşayan yəhudi mənşəyli Brodski ailəsi koloniyalardan təmin edilən şəkər çuğunduru biznesi sayəsində maliyyə maqnatına çevirilmişdilər.

Təsirləri və sonrakı vəziyyət

[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyasında yaradılmış yəhudi kənd təsərrüfatı koloniyaları dünyanın müxtəlif nöqtələrində oxşar tipli təsərrüfat koloniyaları yaratmaq istəyən özəl şirkətlərə və dövlətlər üçün örnək təşkil etmişdir. Karl Marks öz əsərlərində koloniyalardakı ağır insan əməyinə etiraz edən yəhudiləri zaman-zaman müəyyən güzəştlər əldə etməsini və ya əmək şəraitinin yaxşılaşdırılması üçün konkret addımlar atılması ilə bağlı çağırışlarını öz əsərlərində nümunə kimi qeyd etmişdir.

1929-cu ildə Ukrayna Sovet Sosialist Respublikasında yaşayan yəhudilər üçün hazırlanmış təbliğat posteri. Ağ-qara rəngli posterin əsas fonunda fəhlə papağında gülümsəyən kişi fiquru, arxa fonda isə tarlada traktorla çalışan fermerlər təsvir edilib. Posterin yuxarı və aşağı hissələrində rusivrit dillərində yazılmış mətndə deyilir; Yəhudi torpaq işçisi traktorun təkərlərinin hər fırlanması ilə sosializm quruculuğunda iştirak edir və siz ona kömək edəcəksiniz. OZET lotereyasına bilet alın.
1920-1932-ci illər arasında idiş dilində nəşr olunmuş sovet təbliğat posteri. Posterdə yəhudi dini ibtidai məktəbi Xeder tənqid olunur. İdişcə yazılmış mətndə birincisi cəhalət və yoxsulluq, ikincisi isə məhsuldar və qoçaq vətəndaşlar yetişdirir və ya köhnə sistem nifrətə səbəb olur sizə səyyar satıçı olmağı öyrədir, sovet məktəbi isə xalqlar arasındakı dostluğu formalaşdırır kimi ifadələr yer alıb. Qara lövhənin önündə dayanmış sovet müəllimi lövhəyə yerə tüpürməyin yazısını yazıb.

1904–1914-cü illər arasında İsraildə baş vermiş İkinci aliya zamanı ksəriyyəti Rusiya imperiyasından, bəziləri də Yəməndən olan təxminən 35,000 yəhudi Osmanlı imperiyasının idarə etdiyi Fələstinə köçmüşdür. Rusiya imperiyasından gəlmiş yəhudilər İsraildə sonradan Kibbutz olaraq adlandırılacaq yeni növ kollektiv icmanın yaradılmasında yaxından iştirak etmişdilər.

Bəzi tarixçilərə görə İsraildə yaradılmış Kibbutz kollektiv icmaları bir zamanlar Rusiya imperiyasında mövcud olmuş yəhudi kənd təsərrüfatı koloniyalarının mənəvi davamı kimi çıxış edirdi, ancaq Rusiya imperiyasındakı koloniyalardan fərqli olaraq burada təkcə kənd təsərrüfatı yox, ümumi sosial yönümlü yaşam modulu yaradılmalı idi. 1917-ci ildə baş vermiş Rusiya inqilabı nəticəsində imperiya daxilindəki bütün yəhudi kənd təsərrüfatı koloniyaları kolxoz və sovxozların tərkibinə verilmişdir.

1920-ci illərin əvvəllərində koloniyalardakı artan əhali sayında ilk dəfə olaraq durğunluq müşahidə olunmağa başlamışdır. Rusiya imperiyası daxilindəki vətəndaş müharibəsi, bahalaşma, qırğınlar, aclıq və epidemiyalar kimi səbəblərə görə yəhudilər koloniyaları sürətlə tərk etməyə və yaşamaq üçün daha münasib ölkələrə üz tutmağa başlamışdılar. Bu baxımdan əhəmiyyətli dərəcədə Rusiya imperiyasının vətəndaşı olan yəhudi Amerika Birləşmiş Ştatlarına, FələstinəLatın Amerikası ölkələrinə mühacirət etmişdir.

Oktyabr inqilabından sonra sayları Sovet Sosialist Respublikaları İttifaqı daxilində üç milyona yaxınlaşan yəhudilər üçün komzetozet adlı cəmiyyətlər yaratmışdır. Komzet sözünün mənası Yəhudi İşçilərinin Ərazi Təşkili Komitəsi (rus. Комитет по земельному устройству еврейских трудящихся) anlamına gəlirdi. Sovetlər yaradılmış yeni komitəni yəhudi əhalisini məhsuldar əməyə cəlb etmək siyasətini davamı kimi qiymətləndirirdilər. Bir il sonra, 1925-ci ildə mövzu ilə əlaqəli daha bir təşkilat Ozet cəmiyyəti yaradılmışdı. Yəhudi İşçilərinin Torpaq İdarəetmə Cəmiyyəti (rus. Общество землеустройства еврейских трудящихся) anlamına gələn ozetlər 1938-ci ilə qədər fəaliyyətini davam etdirmişdir.[5]

SSRİ tərəfindən yaradılan komzet və ozet tipli qurumlar əslində əməyin kollektivləşdirilməsinə hesablanmış kolxoz və sovxozların yəhudilər üçün nəzərdə tutulmuş formaları idilər və daha çox Rusiya imperiyasında mövcud olmuş yəhudi kənd təsərrüafatı koloniyalarının mənəvi davamçıları kimi çıxış edirdilər.

XX əsrin 20-ci illərinin sonuna yaxın Ukrayna Sovet Sosialist Respublikasında 160, Krım Muxtar Sovet Sosialist Respublikasında 29, Belorusiya Sovet Sosialist Respublikasında isə 27 belə kənd sovetləri yaradılmışdır. 1925-ci ildən 1937-ci ilə qədər həmin kənd sovetlərinə 126 minə yaxın yəhudi köçmüş, lakin onlardan yalnız 53 min nəfərə yaxın yeni ərazilərə uyğunlaşa bilmişdilər. 1930-cu illərdə kollektivləşməsənayeləşmə yəhudi gənclərinin şəhərlərə kütləvi axın etməsinə və yəhudi kəndlilərinin sayının azalmasına səbəb oldu. 1938-ci ilin mayında əvvəllər yaradılmış bütün yəhudi milli rayonları və kənd şuraları ləğv edilmişdir.

1941-ci ilin 22 iyun tarixində Üçüncü Reyxin Sovet Sosialist Respublikaları İttifaqına qəfil hücum etməsi nəticəsində İkinci Dünya müharibəsində yeni cəbhə açılmışdır. Almanlar əsasən Ukrayna Sovet Sosialist Respublikası ərazisindən hücuma keçdiyindən ənənəvi yəhudi yaşayış məskənləri hücumun ilk hədəflərindən birinə çevirilmişdir. Evakuasiya edə bilməyən keçmiş yəhudi koloniyalarının və kənd sovetlərinin sakinlərinin əksəriyyəti Holokost soyqırımı zamanı öldürülüb və ya əsir götürülmüşdür.

  1. "" Arxivləşdirilib 2011-10-05 at the Wayback Machine, Yəhudi Ensiklopediyası
  2. "Study of Jewish Agricultural Colonies in the Ukraine". 2011-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  3. The Jews in Poland and Russia: Bibliographical Essays, by Gershon David Hundert and Gershon C. Bacon. Indiana University Press, 1984, P. 157, as cited in this web page Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine
  4. "Among the Russian Jews' What Mr. Arnold White Saw and Learned." Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, The New York Times, 13 June 1892 (with a link to a PDF photocopy of the full article)
  5. Ivnitskii, N.; Kudiukina, M.; Khandurina, E.; Gluschenko, N.; Golyshkina, T.; Danilov, V.; Denisova, L.; Schzhin, Kim Chan; Kirillova, E. Трагедия советской деревни. Коллективизация и раскулачивание (rus) (2). Moscow: РОССПЭН. 2000.