Sekuritate — Rumıniya Sosialist Respublikasında fəaliyyət göstərmiş gizli dövlət orqanı[1]. Daha əvvəl Rumıninya gizli polisi Siguranţa Statului (Dövlət Təhlükəsizliyi) adlanırdı[2]. Nikolae Çauşeskunun əmri altında olan Gizli Polis (Sekuritate) söz azadlığı və media üzərində ciddi nəzarət sistemi yaratmış və eyni zamanda ölkədəki müxalifətə qarşı tolerant olmamışdır[3]. SSRİ-nin NKVD-sinin köməyi ilə 30 avqust 1948-ci ildə yaradılmış olan Securitate, Prezident Nikolae Çauşeskunun devrilməsindən qısa bir zaman sonra 1989-cu ilin dekabr ayının 30-da[4] ləğv edilmişdir.
Dövlət Təhlükəsizlik Xidməti | |
---|---|
| |
(Securitate) | |
Ümumi məlumatlar | |
Ölkə | Rumıniya |
Yaradılma tarixi | 30 avqust 1948 |
Əvvəlki qurum | Siguranța Statului |
Ləğv edilib | 1990 |
Sonrakı | Rumıniya Kəşfiyyat Xidməti |
Tabelik |
Rumıniya Xalq Respublikası (1948-1965) Rumıniya Sosialist Respublikası (1965-1989) |
Ştat sayı | 11.000 (1985) |
Baş qərargah | Buxarest |
Ünvan | Piaţa Revoluţiei, Bukareszt |
Vikianbarda əlaqəli mediafayllar |
Sekuritate Rumıniyanın əhalisinin sayı nisbətinə görə Şərq blokunun ən böyük gizli polis təşkilatlarından biri sayılırdı[2]. Sekuritatenin yaradıldığı 1948-ci ildə ilkin olaraq 4641 nəfərin işləyəcəyi müəyyənləşdirilmişdi. Bu 4641 nəfərdən 3549-u 1949-cu ilin fevral ayına qədər artıq işə qəbul edilmişdi. 3549 nəfərin 64%-i fəhlə, 4%-i kəndli, 28%-i məmur, 2%-i ziyalılar idi. 1951-ci ildə işçilərin sayı 5 dəfə artırılmışdır. 1956-cı ilin yanvar ayında Sekuritatedə 25.468 nəfər adam işləyirdi. Nikolay Çauşeskunun rejimi altında Securitate 1985-ci ildə 11.000 agent və yarım milyon xəbərçi ilə fəaliyyət göstərirdi[5]. 22 milyon əhaliyə sahib olan bir ölkə üçün bu rəqəmlər olduqca böyükdür. Sekuritate, Çauşesku rejiminin nəzarəti altında həbslər həyata keçirmiş və minlərlə “rejim düşməni” adı altında öldürülmüş insana görə məsuliyyət daşıyan gizli polis orqanı idi[2].
Texniki əməliyyatlar baş idarəsi (rum. Direcția Generală de Tehnică Operativă — Rom: DGTO) Sekuritatenin mühüm bir hissəsi idi[6]. 1954-cü ildə Sovet İttifaqının köməyi ilə yaradılmış olan bu agentlik Rumıniya daxilindəki və ondan kənardakı bütün səs və elektron rabitələrə nəzarət edirdi[6]. Onlar telefonları dinləyir, bütün teleqramları və teletayp mesajlarını alır, həm dövlət, həm də şəxsi binalara mikrofonlar yerləşdirirdilər[6].
Əks kəşfiyyat idarəsi Rumıniyadakı bütün əcnəbiləri tədqiq etmiş və əcnəbilərlə rumınlar arasında mövcud ola biləcək ünsiyyətin qarşısını almaq üçün əlindən gələni etmişdir[6]. Qarşısının alınması mümkün olmayan ünsiyyətlər isə nəzarət altında saxlanılmışdır[6]. Xarici vətəndaşların rumınlarla yaşamasının qarşısını almaq üçün müxtəlif tədbirlər görülmüşdür; bunlardan biri görülmüş bütün əcnəbilər barədə 24 saat ərzində Sekuritateyə məlumat vermək öhdəliyi idi[6]. Bu idarənin vəzifələrindən biri də rumınların xarici səfirliklərdə sığınacaq istəmələrinin qarşısının alınması idi[6].
Xarici kəşfiyyat idarəsi Qərbi Avropa ölkələri kimi ölkələrdə casusluq əməliyyatları həyata keçirmişdir. Kommunist hökuməti tərəfindən icazə verilmiş olan əməliyyatlara nüvə texnologiyası əldə etmək üçün sənaye casusluğu və dissidentlərin öldürülməsi də daxil idi.
Həbsxana idarəsi dəhşətli şəraiti ilə məşhur olan Rumıniya həbsxanalarını idarə etmişdir. Məhkumlar müntəzəm olaraq döyülür, onlara tibbi yardım göstərilmir, məktubları onlardan alınırdı və bəzən məhkumlara hətta ölümcül dozalarda zəhər verilirdi[7][8][9].
Daxili təhlükəsizlik idarəsi əvvəlcə RSR-də davam edən fəaliyyətləri izləmək tapşırığı verilmişdi. Lakin 1978-ci ildə İon Mihay Pacepanın ölkəni tərk etməsi və Çauşesku rejiminin təfərrüatlarını açıqlaması (rejimin ərəb radikal qrupları ilə əməkdaşlığı, Amerika sənaye hədəflərində kütləvi casusluq və Qərbin siyasi dəstəyini qazanmaq səyləri) Çauşeskunu çox qəzəbləndirmişdi. Problemləri həll etmək üçün bütün idarə yenidən təşkil edilmiş və idarəyə RSR-də mövcud olan bütün dissidentlərin məhv edilməsi tapşırılmışdı. Bu idarədə Çauşeskuya şəxsən bağlı olan qüvvələrdən çox məxfi bir şöbə yaradılmışdır. Yaradılmış bu məxfi şöbəyə Sekuritatın özünü müşahidə etmək həvalə edilmişdi. Bu məxfi şöbə demək olar ki, Sekuritate üçün ayrıca bir Sekuritate kimi fəaliyyət göstərmişdir. Bu məxfi şöbə, tam olaraq sədaqəti təmin etmək üçün digər Sekuritate zabitlərinin və RSR rəsmilərinin telefonlarını dinləməli idi.
Milli viza və pasport komissiyası Rumıniyaya və ondan kənara bütün səyahət və immiqrasiyalara nəzarət etmişdir. Əslində, partiyanın yüksək vəzifəli məmurları istisna olmaqla hamı üçün xaricə səyahət qeyri-mümkün idi və pasport üçün müraciət edən adi Rumıniya vətəndaşı dərhal nəzarət altına götürülürdü. Bir çox yəhudilərə və etnik almanlara İsrail və Qərbi Almaniya hökumətləri ilə sırf razılaşmalar yolu ilə pasport və çıxış vizası verilmişdir[10].
Təhlükəsizlik dəstələri idarəsi hökumət üçün artilleriya və zirehli transportyor ilə təchiz edilmiş 20.000 nəfərlik hərbiləşdirilmiş qüvvə idi. Təhlükəsizlik dəstələri yeni əsgərlərini silahlı qüvvələrin xidmətinə yenicə qəbul edilmiş olan əsgərlərin arasından seçirdi. Polis, o cümlədən yol hərəkətinə nəzarət və vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi kimi adi hüquq-mühafizə funksiyalarını həyata keçirmişdir. 1940-cı illərin axırlarında yeni rejimi müdafiə etmək üçün təşkil edilmiş bu dəstələrin sayı 1989-cu ildə 20 minə çatmışdı. Bu dəstələrdə olan əsgərlər mütəşəkkil, elit, xüsusi təlim keçmiş yarımhərbi qüvvələr olsalar da, onların missiyaları tamamilə fərqli idi[11].
Təhlükəsizlik dəstələri daxili işlər naziri vasitəsilə birbaşa Çauşeskuya tabe idilır. Onlar RSR-in mərkəzi ofis binaları, radio və televiziya stansiyaları kimi strateji əhəmiyyətli yerləri mühafizə edirdilər. Çauşesku rejimi özünü dövlət çevrilişindən və ya digər yerli ixtişaşlardan müdafiə etmək və rejim əleyhinə üsyanları, nümayişləri və ya tətilləri yatızdırmaq üçün şəxsi ordu kimi təhlükəsizlik dəstələrini səfərbər edə bilərdi[11].
Bu dəstələr arasında tam sədaqəti təmin etmək üçün Təhlükəsizlik Dəstələri İdarəsində nizami ordudakından beş dəfə daha çox siyasi komissar fəaliyyət göstərirdi[11]. Onlar nizami orduya nisbətən daha sərt nizam-intizam qaydalarına riayət edirdilər, lakin xüsusi rəftarla mükafatlandırılırdılar və digər vətəndaşlardan qat-qat üstün həyat şəraitinə malik idilər[11]. Televiziya və radio stansiyalarını və RSR-in binalarını mühafizə edirdilər. Çevriliş olarsa, rejimi müdafiə etmək üçün çağırılmalı idilər[11].
İnqilabdan sonra Təhlükəsizlik Dəstələri İdarəsi ləğv edilmiş və onun yerinə əvvəlcə Mühafizə və Nizam Dəstələri (rum. Trupele de Pază si Ordine), 1990-cı ilin iyul ayında isə Rumıniya Jandarma İdarəsi yaradılmışdır.
Milis idarəsi, yol hərəkətinə nəzarət, ictimai asayiş kimi daimi polis vəzifələrini yerinə yetirən standart polis qüvvəsi olan Militiaya nəzarət etmişdir. 1990-cı ildə onun yerini Rumıniya Polisi almışdır.
V idarə mühüm dövlət rəsmilərinin cangüdənləri idi. Polkovnik Dumitru Burlan prezident Nikolae Çauşeskunun cangüdənlərinin rəisi idi və bir dəfə onun köməkçisi (dublyoru) olmuşdur[12], lakin 1989-cu ildəki Rumıniya inqilabı zamanı Çauşeskunu həbsdən və edamdan müdafiə etməyi bacarmamışdır.
1980-ci illərdə Rumıniya kommunist diktatoru Nikolae Çauşeskunun hakimiyyəti altında Rumıniyanın gizli polisi olan "Sekuritate" IKEA şirkətindən altı rəqəmli ödənişlər almışdır[13][14]. Sekuritate Arxivlərini Öyrənən Milli Kollecdəki məxfilikdən çıxarılmış sənədlərə əsasən, IKEA Rumıniyada istehsal olunmuş məhsullar üçün əlavə ödəniş almağa razılaşmış və artıq ödəniş vəsaitlərinin bir hissəsi Sekuritate tərəfindən idarə olunan hesaba yatırılmışdır[15].