Smart TV (ing. "ağıllı televizor") — istifadəçilərə musiqi və videoları yayımlamağa, internetə nəzər yetirmək və şəkillərə baxmağa imkan verən inteqrasiya edilmiş internet və interaktiv Veb 2.0 xüsusiyyətləri olan ənənəvi televizor. Smart TV-lər kompüterlərin, televizorların və rəqəmsal media pleyerlərinin texnoloji konvergensiyasıdır. Ənənəvi yayım mediası vasitəsilə təmin edilən televizorların ənənəvi funksiyalarından başqa, bu cihazlar ev şəbəkəsinə çıxışla yanaşı, striminq televiziyası və internet radiosu kimi yüksək səviyyəli media xidmətlərinə çıxışı təmin edə bilər.[1][2][3]
Smart TV İnternet TV, IPTV və ya striminq televiziyasından fərqlidir. İnternet televiziyasında internetin necə çatdırılmasından asılı olmayaraq yerüstü, kabel və peyk kimi ənənəvi sistemlər əvəzinə televiziya məzmununun internet üzərindən qəbul edilməsi nəzərdə tutulur. IPTV televiziya yayımçıları tərəfindən istifadə olunan internet televiziya texnologiyası standartlarından biridir. Striminq televiziyası internet TV-də nümayiş etdirmək üçün bir çox istehsalçı tərəfindən yaradılan proqramlar üçün istifadə edilən bir termindir.
Smart TV-lərdə əməliyyat sistemi applikasiyalara və digər rəqəmsal məzmuna çıxışı təmin edən televizorun quraşdırılmış proqram təminatına əvvəlcədən yüklənir. Bunun əksinə olaraq, ənənəvi televizorlar ilk növbədə displey rolunu oynayır və satıcıya məxsus fərdiləşdirmə ilə məhdudlaşır. Proqram təminatı proqramları cihaza əvvəlcədən yüklənə, həmçinin proqramların müasir smartfonlara inteqrasiyasına bənzər şəkildə applikasiya mağazası vasitəsilə tələb əsasında yenilənə və ya quraşdırıla bilər.[4][5][6][7][8]
Smart TV-ləri işə salan texnologiya həmçinin, rəqəmsal televizor qəbuledicisi kimi xarici cihazlar və bəzi Blu-ray pleyerləri, videooyun konsolları, rəqəmsal media pleyerləri, otel televiziya sistemləri, smartfonlar və şəbəkəyə qoşulmuş digər interaktiv cihazlarda da tətbiq olunur.[9][10] Bu cihazlar auditoriyaya internetdən, kabel və ya peyk televiziya kanallarından və ya lokal yaddaş qurğusundan videolar, filmlər, teleşoular, fotoşəkillər və digər məzmunu tapıb oxutmağa imkan verir.
Smart TV cihazı ya inteqrasiya olunmuş internet imkanlarına malik televizor, ya da müasir əsas televizordan daha təkmil hesablama qabiliyyəti və əlaqə təklif edən televiziya üçün rəqəmsal televizor qəbuledicisidir. Smart TV-lər bir məlumat cihazıdır və televizor qurğusu ilə inteqrasiya olunmuş mobil cihazın kompüter sistemi kimi başa düşülür. Smart TV proqram tərtibatçıları üçün platforma təmin edə bilən əməliyyat sistemi və ya mobil əməliyyat sistemini idarə edir. Beləliklə, Smart TV tez-tez istifadəçiyə xüsusi platforması əsasında daha təkmil proqramlar və ya plaginlər quraşdırmağa və işə salmağa imkan verir.[1][11][12]
Smart TV platformasında üçüncü tərəf tərtibatçılarının onun üçün proqramlar hazırlaya biləcəyi ictimai proqram təminatı inkişaf dəsti (SDK) və ya yerli inkişaf dəsti (NDK), həmçinin son istifadəçilərin proqramları quraşdıra və silə bilməsi üçün applikasiya mağazası var. İctimai SDK üçüncü tərəf proqram tərtibatçılarına proqramları bir dəfə yazmağa və onların aparat istehsalçısından asılı olmayaraq onun üçün yazılmış Smart TV platformasının arxitekturasını dəstəkləyən istənilən cihazda uğurla işlədiyini görmək imkanı verir.
Smart TV-lər ya "Digital Living Network Alliance" (DLNA)/"Universal Plug and Play" (UPnP) media serverindən, həmçinin "Windows", "Media Player", şəbəkəyə qoşulmuş yaddaş (NAS) və ya "iTunes" vasitəsilə oxşar xidmət proqramından istifadə edərək şəbəkədəki digər kompüterlərdən və ya şəbəkəyə qoşulmuş saxlama cihazlarından məzmunu (şəkillər, filmlər və musiqi kimi) çatdırır. Burada ənənəvi yayımlanan televiziya kanalları, "catch-up" xidmətləri, "video-on-demand" (VOD), elektron proqram bələdçisi, interaktiv reklam, fərdiləşdirmə, səsvermə, oyunlar, sosial şəbəkələr və digər multimedia proqramları daxil olmaqla internet əsaslı xidmətlərə çıxışı təmin edir.[13] Smart TV filmlərə, şoulara, videooyunlara, proqramlara və s. girişi təmin edir. Bu proqramlardan bəzilərinə "Netflix", "Hulu", "Spotify", "YouTube" və "Amazon" daxildir. [14]