Tüilri sarayı (fr. Palais des Tuileries Fransızca tələffüz: [palɛ de tɥilʁi]) — Parisdə, Sena çayının sağ sahilində yerləşmiş kral və imperator sarayı olmuşdur. 1871-ci ildə Paris Kommunası tərəfindən yandırılana kimi, saray, IV Henrixdən başlayaraq III Napoleon dövrünə qədər Fransa monarxlarının əsas Paris iqamətgahı olmuşdur. 1564-cü ildən etibarən mütəmadi olaraq genişləndirilən və nəhayət Luvr sarayı ilə birləşdirilərək qapalı həyət formalaşdıran saray, 266 metr uzunluğa malik nəhəng fasada malik olmuşdur. Tüilri sarayının dağıdılmasından sonra Luvr sarayının həyəti açılmış, hazırda Tüilri bağının şərq qurtaracağı yerləşən ərazidə isə Karruzel meydanı ilə bağ arasında yüksələn terras yaradılmışdır.
Tüilri sarayı | |
---|---|
fr. Palais des Tuileries | |
48°51′44″ şm. e. 2°19′52″ ş. u. | |
Ölkə | Fransa |
Şəhər | Paris |
Memar | Filiber Delorm |
Sifarişçi | Yekaterina Mediçi |
Əsas tarixlər |
23 may 1871-ci ildə yandırılıb 1883-cü ildə tamamilə sökülüb |
Tikilmə tarixi | 1564–1867 |
Üslubu | XVI əsrdə intibah memarlığı üslubunda inşa edilmiş, XVII-XVIII əsrlərdə XIII Lüdovik üslubunda və barokko memarlığı üslubunda, XIX əsrdə isə neoklassik, neobarokko və III Napoleon üslubunda əlavələr edilmişdir. |
Vəziyyəti | Dövrümüzə çatmayıb |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1559-cu ildə II Henrinin gözlənilmədən vəfat etməsindən sonra, onun dul xanımı Yekaterina Mediçi (1519-1589) yeni sarayın inşa edilməsinə qərar verir. Həyat yoldaşının vəfat etdiyi Turnel sarayını satan Yekaterina 1564-cü ildə memar Filiber Delorma Tüilri sarayının inşasını sifariş edir. Sarayın adı isə əvvəl saray ərazisini əhatə edən soba plitələri və ya Tüilrilərin (fr. tuileries) adından götürülmüşdür. Saray, bir-birinə bitişik uzun və ensiz binalardan ibarət idi. IV Henrixin (1589-1610) dövründə, bina cənuba doğru genişləndirilərək, şərqdə qədim Luvr sarayına birləşdirilən dənizkənarı Böyük qalereyaya kimi uzadılmışdır.
XIV Lüdovikin hakimiyyəti dövründə Tüilri sarayında əsaslı dəyişikliklər edilmişdir. 1659-1661-ci illərdə inşa edilmiş Tüilri teatrı vasitəsiylə saray şimala doğru genişləndirilmişdir.[1] 1664-1666-cı illərdə isə memar Lui Levo və onun köməkçisi Fransua d’Orbe sarayda əlamətdar dəyişikliklər etmişlər. Onlar Filiber Delormun fasad və mərkəzi pavilyonunu dəyişərək, onu kollonadalı vestibülə malik mərkəzi pilləkən və üstü dördbucaqlı gümbəzlə örtülən Yüz İsveçrə Keşikçisi zalı (fr. Salle des Cents Suisses) ilə əvəz edirlər. Yeni böyük pilləkən sarayın şimal qanadı və zəngin bəzədilmiş kral otaqlarının yerləşdiyi ənub qanadının girişində qərarlaşdırılıb. Kral otaqları birinci mərtəbədə yerləşməklər Luvr sarayına, onun qarşısında yerləşən kraliçanın sarayları isə bağa baxırdı. Həmin dövrdə Lüdovikin bağbanı Andre Lenotr Tüilri bağını dizayn edir. 1667-ci ilin noyabrında saray heyəti Tüilri sarayına köçsə də, 1672-ci ildə buranı tərk edərək Versal sarayına köçür.[2] Saray tərk edilərək yalnız teatr binası kimi istifadə edilsə də, onun bağları parislilərin əsas istirahət mərkəzinə çevrilir.
Taxta çıxmazdan dörd ay sonra, 1 yanvar 1716-cı ildə gənc kral XV Lüdovik saray əhli ilə birlikdə Versaldan Tüilriyə köçür. Tacqoymasından üç ay əvvəl, 15 iyun 1722-ci ildə kral yenidən Versala köçür. Hər iki köç, Orlean hersoqu II Filippin əmri ilə baş tutur. 1740-cı illərdə kral özü də qısa müddət ərzində Tüilridə yaşayır.[3]
Böyük Fransa inqilabı zamanı, 6 oktyabr 1789-cu ildə kral XVI Lüdovik ailəsi və bütün saray əhli ilə birlikdə Versalı tərk edərək Tüilriyə köçməyə məcbur edilir və burada nəzarət altında saxlanır. Növbəti iki ildə saray kralın rəsmi iqamətgahı olur.
Məhkəmənin Parisə köçməsindən sonra 9 noyabr 1789-cu ildə keçmiş 1789-cu il General Ştatları olan Milli Konstitusiya Assambleyası da müşavirə mərkəzini Versaldan Tüilriyə köçürür. Tüilrinin qapalı çapma halqası olan Cıdır zalı (fr. Salle du Manège, Tüilri bağının şimal qurtaracağında, sarayın qərbində yerləşirdi) Parisin ən böyük qapalı meydanı idi.
20 iyun 1791-ci ildə kral ailəsi Varennə qaçmağa çalışsa da, ələ keçirilərək yenidən Tüilriyə qaytarılmışdır. Növbəti il, 10 avqust 1792-ci ildə saraya hücum edən silahlı kütlə İsveçrə keşikçilərini qətlə yetirir, kral ailəsi isə bağda gizlənərək xilas olur. Paris Milli Qvardiyası kralı müdafiə etsə də, XVI Lüdovikin qızı bildirir ki, keşikçilərin bir çoxu üsyançılara tərəf çıxmışdı.[4]
1792-ci ilin noyabrında Tüilri sarayında Dəmir qarderob (fr. Armoire de fer) hadisəsi baş verir. Bu hadisə XVI Lüdovikin otaqğındakı Dəmir qarderobda müxtəlif ölkələrin siyasi fiqurları ilə əlaqələri sübut edən gizli sənədlərin aşkarlanması ilə əlaqəli idi. Bu qalmaqal kralın hakimiyyətinin əlindən alınması ilə yekunlaşmışdır.
İnqilab dövründə sarayda Milli Konstitusiya Assambleyasının varisi olan Milli Konvent yerləşir, 1795-ci ildən 1798-ci ildə Burbonlar sarayına köçənə kimi Fransa Direktoriyasının Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) Tüilridə yerləşir. 1799-cu ildən sarayda yakobinlərin qərargahı yerləşir. İçtimai Təhlükəsizlik Komitəsi isə Flora pavilyonunda qərarlaşır. Terror dövründə sarayın tərkib hissəsi olan Tüilri teatrı bir çox dəhşətli hadisələrin şahidi olur:
Gecələr bircə lampa ilə işıqlandırılan böyük zalın nəhəng meydanı qorxudulmuş insanlarla dolu olurdu. Hazırda sədrin kürsüsünün yerləşdiyi, əvvəl Fransua-Antuan de Buassi de’Anqla Jan-Bertrand Feronun qanlı başını salamlamış və Jak-Aleksis Türo de la Rosye soyuqqanlılıqla Robespyerin çıxışını dinlədiyi yerdə tez-tez dayanaraq: “Qatillərin prezidenti, bir daha dinləmənizi xahiş edirəm!” Mən Montanyarlar, Düzənlikçilər və ya Marşçıları, dolu tribunaları xəyal edirəm; mən qışqıran kütlənin, barabanların və Asambleyaya hücum edənlərin səsini hiss edirəm; bu qəddar zalın şahid olduğu hadisələri saymaqla bitirmək olmaz. Oqüstin Filon, İmperatriça Ejeninin xatirələri[5]
|
1799-cu ildə Napoleon Bonapart hakimiyyətə gəldikdən sonra, Tüilri sarayını əvvəlcə Birinci konsulun rəsmi iqamətgahı, daha sonra isə imperatorluq sarayına çevirir. 1808-ci ildə Napoleon Tüilrini Luvrla birləşdirən və qapalı meydan yaradan şimal qalereyasının inşasına başlayır.
I Napoleonun əsas iqamətgahı olduğuna görə 1808-ci ildə Tüilri sarayının interyerləri, Şarl Persye və Pyer Fransua Leonar Fonten tərəfindən neoklassik və ampir üslublarında yenidən bəzədilir. 1809-cu ildə imperatorun əsas mebel istehsalçısı olan Fransua-Onore-Jorj Yakob-Desmalter imperatriça Jozefina Boharnenin böyük yataq otağı üçün (qısa müddət sonra otağı Mari-Luiza istifadə etməyə başlayır) nəzərdə tutulmuş zinət əşyaları şkafı üzərində işə başlayır. Şarl Persye tərəfindən dizayn edilmiş bu monumental mebelin üzü qızıl suyuna çəkilmiş müxtəlif bürünc ornamentlərlə bəzədilmişdi: mərkəzi paneldə Antuan-Deni Şodenin dizaynı əsasında bürünc ustası Pyer-Filipp Tomir tərəfindən hazırlanmış paneldə “Kupidonlar və ilahələrin şərəfləndirdiyi Yerin kraliçasının doğulması” təsvir olunmuşdur. Yakob-Desmalter “böyük zinət əşyaları qutusu”nu iki digər mebellə birlikdə 1812-ci ildə tamamlamış, lakin onların hazırlanmasında Çin yağış meşələrindən olan materiallar istifadə edilmişdir.
Napoleonun boşanmasından sonra, rəssam Pyer Pol Prüdona onun yeni həyat yoldaşı Mari-Luizanın yeni otaqlarının dizayn edilməsi həvalə edilir. İmperatriçanın gəlinlik otağı üçün bütün mebel və interyer dekorlarını sənətkar Yunan İntibah üslubunda hazırlayır.
1814-1830-cu illəri əhatə edən Burbon restavrasiyası zamanı Tüilri sarayı kral iqamətgahı olaraq qalır. 1830-cu ilin İyul inqilabı zamanı saray üç dəfə silahlı qüvvələrin hücumuna məruz qalmış və ələ keçirilmişdir. Sarayda məskunlaşmış İsveçrə keşikçiləri 1792-ci ildə sələflərinin başına nə gəlməsini xatırlayaraq saraydan qaçırlar. 1848-ci ilin 24 fevralında devrilənə kimi kral I Lui-Filipp Tüilri sarayını daimi iqamətgah kimi istifadə etmişdir.
1852-ci ildə III Napoleon tərəfindən həyata keçirilmiş dövlət çevrilişindən sonra Tüilri sarayı hökumətin və icraçı orqanların rəsmi iqamətgahı olmuş, Prezidentin III Napoleon adıyla imperator elan edilməsindən sonra o, rəsmi qərargahı Yelisey sarayından Tüilri sarayına köçürmüşdür.
1848-ci il Fransa inqilabından sonra Tüilri sarayında genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılmışdır. Bəzi əhəmiyyətli dövlət otaqları yenidən dizayn edilmiş və zəngin dekorlarla bəzədilmişdir ki, onlardan da bir neçəsi 1855-ci ildə Kraliça Viktoriyanın Fransa səfəri zamanı istifadə olunmuşdur. İkinci imperiya dövründə sarayın Rivoli küçəsi boyunca uzanan şimal qanadı inşa edilmiş və beləliklə də üç əsr əvvəl hazırlanmış Luvr-Tüilri saray kompleksinin inşası başa çatdırılmışdır. Daha sonra isə Karuzzel meydanının ətrafı kiçik evlər və gecəqondulardan təmizlənmişdir.
Sarayın diqqətçəkən dam xəttləri, xüsusilə mərkəzi kvadrat gümbəzi İkinci imperiya üslubunun təsirli prototipləri olmaqla, Birləşmiş Krallıq və Şimali Amerikada qonaq evləri və kommersiya binaları üçün nümunəyə çevrilmişdir.
Sarayın şimal qanadının birinci mərtəbəsində yerləşən və III Napoleon tərəfindən istifadə edilmiş şəxsi otaqlar Birinci imperiya üslubunda dizayn edilmiş mebellərlə bəzədilmişdi. İmperatriçanın otaqları imperator otaqlarının üstündə yerləşməklə qıvrılan pilləkən vasitəsilə aşağı mərtəbə ilə əlaqələndirilmiş, beletajın şimal qanadın bağa baxan hissəsindəki on bir otaqdan səkkizini əhatə edirdi. Bu baxımdan Tüilri və Versal bir-birindən fərqlənirdi, belə ki, Versalda hökmdar və xanımının otaqları eyni mərtəbədə yerləşirdi və birincinin sahəsi daha böyük idi.[7]
Cənub qanadının Karruzel və ya şərq tərəfində yerləşən dövlət zalları şəraitdən asılı olaraq müxtəlif cür istifadə olunurdu. Əgər ailə qeyri-rəsmi şam yeməyi üçün toplanırdısa, bunun üçün yemək zalı və ya mərkəzi pavilyondakı Marşal zalından Birinci Konsulun otağı və ya Salon-Blan vasitəsiylə ayrılan Apollon zalı istifadə edilirdi. Qala naharlar isə dövlət zallarındn ən cənubda yerləşən Diana zalında keçirilirdi. Dövlət balları zamanı qalereyada təamlarla doldurulmuş masalar düzülür, mərasim isə Saat pavilyonunda iki mərtəbəni əhatə edən və bal zalı kimi nəzərdə tutulmuş Marşal zalına kimi uzanırdı.[7]
Az istifadə edilən şimal qanadında saray kapellası, Sülh zalı və Tamaşa zalı yerləşirdi. 29 iyul 1853-cü ildə Tamaşa zalında Napoleon və Yevgeniyanın nigahı şərəfinə Daniel Ober tərəfindən yazılmış kantata ifa edilmişdi.[8] 10 iyun 1876-cı ildə isə həmin zal Beynəlxalq sərgi iştirakçısı olan ölkə rəhbərləri şərəfinə verilən ziyafətə ev sahibliyi etmişdir. Fransa–Prussiya müharibəsi zamanı həmin zaldan hospital kimi istifadə edilmişdir.[5]
Sarayın ən cənubunda yerləşən Flora pavilyonu əlavə giriş kimi istifadə edilirdi. Sarayın xidməti dəhlizləri həmin pavilyona aparırdı. Oradan Rivoli küçəsindən gətirilən qidaların mətbəxlərə aparılması üçün toplandığı çoxsaylı qaz lampaları ilə işıqlandırılmış dəhlizlərə keçmək mümkün idi.[9]
Genişmiqyaslı Luvr-Tüilri kompleksinin tamamlanması mümkün olmamışdır. 23 may 1871-ci ildə Paris Kommunasının devrilməsi zamanı keçmiş hərbi komandir Culs Bergeretin əmri ilə on iki nəfər tərəfindən Tüilri sarayında neft, qarayağ və skipidar istifadə etməklə yanğın törədilmişdir. 48 saat davam edən yanğın Flora pavilyonu (Şərəf qapısı və Zəfər tağına da ziyan dəyməmişdir[10]) istisna olmaqla bütün saraya ciddi ziyan vurmuşdur.[11] Sarayın günbəzinin içinə partlayıcılar yerləşdirilmiş, alovun təsiri ilə onların partlaması nəticəsində günbəz dağıdılmışıdır. Bunu müşahidə edən Bergeret İctimai Təhlükəsizlik Komitəsinə yazırdı: “Krallığın son işarəsi bu gün yoxa çıxdı. Bu gün həyata keçirdiyimizi bir gün Parisin bütün ictimai binaları ilə etməyi arzulayıram.”[12]
Yalnız 25 mayda Paris yanğınsöndürmə briqadaları və XXVI “Chasseurs d'Afrique” batalyonu saraydakı yanğını söndürməyə müvəffəq olmuşdur. Luvr sarayının kitabxanası da daxil olmaqla bəzi hissələri də kommunaçılar tərəfindən yandırılmış və qismən dağıdılmışdır. Möcüzə nəticəsində muzeyə ziyan dəyməmişdir.
On bir il ərzində sarayın xarabalıqları şəhərin mərkəzində qalmışdır. Sarayın damı və daxili yanğın nəticəsində tamamilə məhv olsa da, fasadları və xarici divarları salamat qalmışdır ki, bu da onun yenidən bərpasını mümkün edirdi. Hotel-de-Vil (1870-ci illərdə bərpa edilmişdir) kimi bir çox məşhur memarlıq abidələri də kommunaçılar tərəfindən yandırılmışdır. Çoxsaylı müzakirələrdən sonra Üçüncü Respublika keçmiş krallıq və imperiyaların simvoluna çevrilmiş Tüilri sarayının xarabalıqlarını bərpa etməmək qərarını verir. Lakin, Luvr sarayının yanğından ziyan çəkmiş hissələri orijinal görünüşündə bərpa edilir.
1882-ci ildə Fransa Milli Assambleyası xarabalıqları 33.300 qızıl franka (təxminən $130,000) sataraq sökülməsinə qərar verir. Başda baron Jorj Ejen Osman olmaqla dövrün bir çox tanınmış şəxsləri, sənət və mədəniyyət xadimləri Assambleyanın bu qərarına qarşı çıxaraq onu Fransa incəsənəti və tarixinə qarşı cinayət adlandırmışlar. 1883-cü ilin fevralında başlayan söküntü işləri 30 sentyabr 1883-cü ildə tamamlanmışdır. Sarayın daş və mərmərlərinin bir hissəsi iş adamı Axill Pikar tərəfindən suvenir kimi satılmış, bir hissəsi isə Bullan pavilyonunun yenidən inşa edilmiş variantı olan Korsika adasındakı Punta qəsrinin inşasında istifadə edilmişdir.[13] Sarayın mərkəzi pavilyonunun daxili həyət frontonu Parisin Jorj-Kain meydanında saxlanır. Sarayın digər əhəmiyyətli memarlıq detalları isə Luvrda, Dekorativ Sənətlər Muzeyində, memarlıq, incəsənət məktəblərində, körpü və yollarda sərgilənir.[14]
Bu gün ziyarətçilərə yaxşı tanış olan Luvr sarayının şimal və cənub qanadları arasındakı böyük boş ərazi 1883-cü ildə ilk dəfə açıldığı zaman, Tarixi oxun Luvr həyətindən keçməsi ilk dəfə diqqət cəlb etmişdir. Tüilri bağı (fr. Jardin des Tuileries) şərqdən Luvr, cənubdan Sena çayı, qərbdən Konkord meydanı, şimaldan isə Rivoli keçəsi ilə əhatə olunub.
Konkord meydanı və Zəfər tağından başlayaraq La Defans ərazisinə kimi uzanan düz xətt orijinalda Tüilri sarayının əsas fasadının mərkəzinə istiqamətlənmişdi. Hazırda isə həmin xətt Luvr sarayının fasadına istiqamətlənir. Luvr və Tüilri saraylarının fasadları fərqli istiqamətdə yerləşdiyindən Tüilrinin sökülməsindən sonra tarixi oxun yuxarı hissəsində sınıq əmələ gəlmişdir.
25 hektar ərazini əhatə edən Tüilri bağı, landşaft memarı Andre Lenotrun 1664-cü ildə çəkdiyi kral dizaynını hələ də saxlamaqdadır. Onun geniş bağ planı sarayın qərb fasadına istiqamətlənən və tarixi oxun davamı kimi nəzərdə tutulan mərkəzi ox boyunca bir-birini əks etdirən gölməçələr ətrafında dizayn edilmişdi.
Müasir incəsənət muzeyi olan Je-de-Pom Milli Qalereyası bağın şimal-qərb hissəsində yerləşir.
2003-cü ildən bəri Tülirinin bərpası üzrə milli komirə (fr. Comité national pour la reconstruction des Tuileries[15][16]) Tüliri sarayının yenidən inşa edilməsini təklif edir. Bu təklif Berlin sarayının (alm. Berliner Stadtschloss) yenidən inşası layihəsi ilə müqayisə edilir. Tüilri sarayının yenidən inşasını təklif edənlər bir neçə səbəb göstərirlər. 1883-cü ildə Tüilri sarayının sökülməsindən sonra, əvvəl sarayın fasadı ilə tamamlanan Yelisey çöllərinin prespektivi bir zamanlar sarayın fasadına istiqamətlənən, hazırda isə geniş boş əraziyə açılan Karruzel meydanı tağı ilə tamamlanır. Luvr sarayı və onun Luvr piramidasıPiramidası, tarixi ox üzərində yerləşən Konkord meydanı-Yelisey çölləri-Zəfər tağı sıralaması ilə üst-üstə düşmür.
Karruzel meydanı tağı hər iki oxun kəsişməsinə yaxın yerləşir. Bu iki oxun kəsişməsində yerləşən Tüilri sarayı sınmanı aradan qaldıraraq tarixi oxun bütövlüyünü təmin edə bilər. Memarlar əmindirlər ki, Tüilri sarayının bərpası iki xəttin harmoniyasını yaradacaq. Saray bağı kimi nəzərdə tutulmuş Tüilri bağı da sarayın bərpası ilə tamlıq əldə edərdi.
Luvr muzeyinin kolleksiyalarının tam sərgilənməsi üçün onun ərazisinin genişləndirilməsinə ehtiyac vardır, buna görə də Tüilri sarayının bərpa edilməsi həm də muzey ərazisinin genişləndirilməsinə imkan verə bilər. Həm də dövlət zallarının 1871-ci ildəki vəziyyətində bərpa edilməsi təklif edilir. Sarayın bütün planları və interylərin çoxlu fotoları Milli Arxivdə saxlanılır. Bundan əlavə, 1870-ci ildə Fransa–Prussiya müharibəsinin başlaması zamanı saxlanılması üçün sarayın bütün mebel və dekor əşyaları (rəsm əsəsrləri, heykəllər və sair) saraydan çıxarılmış və buna görə də 1871-ci ildə sarayın yandırılması zamanı ziyan çəkməmişdir. Luvr muzeyində yer çatışmadığına görə, bu gün də Tüilri sarayından olan mebel və sənət əsərləri zirzəmilərdə saxlanmaqdadır. Bildirilir ki, Tüilri sarayının dövlət zallarının bərpa edilməsi İkinci imperiya üslubunda olan bu sənət incilərinin ictimayətə təqdim edilməsinə imkan yarada bilər.
2006-cı ilin hesablamalarına görə, Tüilri sarayının bərpası 300 milyon avroya ($380) başa gələcək. Plana əsasən inşaat işləri şəxsi fonda toplanan iyanələrdən maliyyələşdirilməli və Fransa hökuməti sarayın bərpasına xərc çəkməməlidir. O zaman Fransa prezidenti olan Jak Şirak ictimayəti mövzunu müzakirə etməyə dəvət edir. Sarayı Parisin mərkəzi daş qaşı adlandıran keçmiş prezident Şarl de Qoll da sarayın bərpasını dəstəkləmişdir.[10]