Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm[1]; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir.[2]
Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyllidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur.
Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.[1]
Tarix- özü bir fəlsəfədir. "Tarix" anlayışı üç müxtəlif səviyyədə və mənada istifadə olunur. Birincisi, sosial-tarixi proses – ictimai inkişafı kimi; ikincisi, ictimai-siyasi hadisələrin xronoloji ardıcıllıqla təsviri kimi və nəhayət, üçüncüsü, bu prosesin insan tərəfindən bütöv bir fenomen kimi dərk olunması mənasında – "Tarix fəlsəfəsi" kimi. Tarix fəlsəfəsi insan qəlbi və şüuruna yaxın olan problemlərə bilavasitə toxunur (onun əsas maraq və mənafelərinin tarixdə özünə uyğun necə yer tapması, onların keçmişini və gələcək taleyini müəyyən etmək kimi vəzifənin öhdəsindən gəlmək və s.). insanların maraq və mənafeləri çox rəngarəngdir, bəzən antoqonist xarakter daşıyan; ona görədə tarix fəlsəfəsi müxtəlif dünyagörüşlərin və sosial-siyasi proqramların toqquşma meydanına çevrilir.
Abbasqulu ağa Bakıxanov XIX əsrin I yarısının görkəmli maarifpərvəri, yazıçısı, şairi olmuşdur. O, Azərbaycan tarixşünaslığının banisi, Azərbaycan və Dağıstan tarixinə dair xronoloji ardıcıllığı əsas tutan zəngin və rəngarəng mənbəşünaslıq bazasına malik olan ilk müntəzəm tədqiqat əsərinin müəllifidir. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərinə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla "Gülüstani-İrəm" əsərini yazmışdır. Bakıxanov tarix elminin əvəzi olmayan tərbiyə və əxlaq məktəbi olduğunu qeyd edərək yazırdı: "Bu elm insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün adəm övladı onun əmrlərinə boyun əyməkdədir… Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yolların anladır". A. Bakıxanov göstərirdi ki, "vətən tarixi"ni bilmək insanlarda milli təfəkkürün inkişafına vətənpərvərlik hislərinin tərbiyə edilməsinə, dostu düşməndən ayırmağa, millət üçün, vətən üçün faydalı və zərərli olanları fərqləndirməyə imkan verir.
Tarixin dövrləşməsi şərtidir, rahatlıq, anlaşılmaq və anlatmaq üçündür. Tarix bəşəriyyətin həyat yolu olaraq arasıkəsilməzdir, dövrləşmə isə tarixi müəyyən əlamətlərə görə aralıqlara, zaman intervallarına bölməkdir. Dövrləşmə daha qədimlərdən, daha keçmişdən yaxın zamanlara uzanan yolun döngələrini göstərir (bu döngələr mühüm görünsələr və vacib olsalar da, əsasən tarixçinin təhlil süzgəcindən keçib gələn kəşfdir, yəni subyektivdir).
Müxtəlif xalqların, mədəniyyətlərin tarixi fərqli olduğuna görə fərqli dövrləşməyə məruz qalmalıdır. Biri üçün aydınlaşdırıcı mahiyyət daşıyan dövrləşmə digərinə görə mənasız ola bilər. F. Petrarca tərəfindən daxil edilən Renessans kəlməsi sonralar bütün Avropaya aid edildi, avropalaşdırıldı. Bu, Çin və ya İslam şərqinin tarixinə xas olan dövrləşmə deyil. Əsasən İtaliya üçün uyğun olan Renessans anlayışı və onun üzərində qurulan dövrləşmə Şimali Avropa üçün belə fərqlidir və o qədər də uyğun görünmür (hansı yenidənoyanma, yenidəncanlanma, nəyin oyanması, nəyin bərpası?). Qaranlıq Çağ termini də F. Petrarca `nın (1304–1463) kəşfidir (1330-larda), Antik dövrdən sonrakı dövrü Qaranlıq Çağı bildirir. Avropalıların Qaranlıq çağı İslamın ən parlaq çağı ilə az qala üst-üstə düşür.
Orta çağ (Middle Ages) terminini 15-ci əsr İtalyan humanisti Flavio Biondi (1392–1463) daxil etdi. Tarixi antik, orta çağ və cağdaş dövr kimi üç hissəyə ayırmaq da həmin dövrdə baş verdi, bunu (1369–1444) Leonardo Da Vinçiyə aid edirlər. "Middle Ages" əvəzinə "Medieval" sözü də işlənilir.
"Çağdaş dövr" zaman boyu hərəkət etdikcə onu iki hissəyə-yeni və ən yeni tarixə ayırmağa başlanıldı — Modern History (Yeni tarix), Contemporary History (Ən yeni tarix). Bir zamanlar Konstantinopolun türklər tərəfindən fəthi (1453) Orta çağın Middle Ages sonu və Yeni çağın (Modern Era) başlanğıcı hesab olunurdu. 1789-cu il Fransız inqilabını Müasir dövrün (Modern History) başlanğıcı hesab edənlər çoxdur. Bir sıra hallarda modern dövrün Roma İmperiyasının çöküşü (Post Roma) və ya İslam mədəniyyətinin yaranması ilə başladığını söyləyirlər. Bu üçlük, yəni Qədim (Antik) dövr, Orta çağ və Müasir dövr Avropa dövrləşməsidir, dünyanın digər hissələrinə aid deyil (hərçənd ki, sırf zaman bölümü kimi bu dövrləşmədən qlobal tarixçilər də, yəni ümumdünya tarixi ilə məşğul olanlar da istifadə etməkdədirlər).
və s.