Zeynəb Sultan külliyəsi — İstanbulda XVIII əsrə aid külliyə[1][2]. Osmanlı sultanı III Əhmədin qızı Zeynəb Sultanın sifarişiylə inşa olunan külliyə məscid, sübyan (yetimlər) məktəbi, çeşmə və türbədən ibarətdir. Dövrün saray memarı Mehmed Tahir ağa tərəfindən inşa olunan külliyəyə XIX əsrdə mədrəsə binası da əlavə edilmişdir. Külliyəyə aid çeşmə 1871-ci ildə tramvay yolu inşası səbəbilə, türbə və məzarlıq bölümünün böyük qismi isə fərqli zamanlardakı yol çəkilişi zamanı dağıdılmışdır. 1911-ci ildə aparılan inşaat işləriylə bağlı Sultan Əbdülhəmid türbəsinin də daxil olduğu Əminönü Həmidiyyə külliyəsinə aid çeşmə (bu çeşmə də memar Mehmed Tahir ağa əsəridir) buradan alınaraq Zeynəb Sultan külliyəsinin divarına bitişik şəkildə yenidən yerləşdirilmişdir. Məscid binası isə 1917, 1958, 1983 və 1988-ci illərdə təmir edilmişdir.
Zeynəb Sultan külliyəsi | |
---|---|
41°00′34″ şm. e. 28°58′44″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Yerləşir | İstanbul, Fateh |
Aidiyyatı | Osmanlı memarlığı |
Memar | Mehmed Tahir ağa |
Tikilmə tarixi | 1769 |
Üslubu | Barokko memarlığı |
Vəziyyəti | Fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Külliyənin banisi Zeynəb Sultanın yol çəkilişi səbəbilə dağıdılan türbədən çıxarılan məzarı daha sonra məscidin həyətindəki məzarlıq bölümünə daşınmışdır. Zeynəb Sultanla yanaşı, bu məzarlıq bölümündə əri sədrəzəm Mələk Mehmed Paşa və bir çox başqa saray adamları dəfn edilmişdir.