II Xəlilullah
II Xəlilullah (XIV əsr, Bakı – 1535, Bakı) — Şirvanşahlar dövlətinin qırx birinci, Şirvanşah II İbrahimin oğlu.
== Fəaliyyəti ==
II Şeyx İbrahim (Şeyxşah) h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanı onun böyük oğlu, II Xəlilüllah da adlandırılan Sultan Xəlil idarə etməyə başladı. O, Şah İsmayılın qızı Pərixan xanımla evlənməklə, onun himayəsinə nail oldu. Münəccimbaşının təbirincə, "qardaşlarından heç biri onun əleyhinə çıxa bilmədi".
O, mənbələrdə ağıllı və bacarıqlı, dəbdəbəli səfərləri, şərab və əyləncəni sevən hökmdar kimi səciyyələndirilir. Onun alim və şairlərlə ünsiyyəti sevməsi, son dərəcə səxavətli olması və bir o qədər də qəddar olması qeyd edilir. Şirvanşahın Təbriz sarayı ilə əlaqələri daha da möhkəmləndi.
=== Səfəvilərlə münasibətlər ===
Şah İsmayıl h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanşaha münasibət dəyişdi. Şah İsmayılın səfəvi taxtına çıxan gənc oğlu və varisi I Təhmasib bacısının əri olmasına baxmayaraq, Xəlilüllahdan şübhələnməyə başladı. Şah Təhmasib Xəlilüllaha etibar eləmir, Şirvanşahlar dövlətini özünə tabe etdirməyə, sülaləni aradan qaldırmağa hazırlaşırdı.