Sahib Əliyev
Sahib Əliyev (tam adı: Sahib Müseyib oğlu Əliyev; 15 mart 1933 – 7 fevral 1990) — Azərbaycan alimi, Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1967), professor (1971), Azərbaycan MEA-nın həqiqi üzvü.
Görkəmli alim, istedadlı tədqiqatçı, akademik, kimya elmləri doktoru, professor Sahi Müseib oğlu Əliyev 1933-cü ildə indiki Gədəbəy rayonunda anadan olmuşdur. 1949-cu ildə orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutununa (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1954-cü ildə fərqlənmə diplomu ilə bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir.
Sahib Əliyevin əmək fəaliyyəti AMEA Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə bağlı olmuşdur. O, burada aspiranturaya daxil olmuş, 1958-ci ildə namizədlik dissertasiyasını, 1965-ci ildə isə "Alkil, alkenilaromatik karbohidrogenlərin və onların oksitörəmələrinin heterogen katalitik sintezi və çevrilmələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1971-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.
Yüksək nəzəri biliyi, təşkilatçılıq bacarığına malik Sahib Əliyev artıq 1958-ci ildə laboratoriya müdirinin müavini, 1969-cu ildə laboratoriya müdiri vəzifəsinə təyin olunmuşdur. 1970–1976-cı illərdəo, laboratoriya müdiri vəzifəsi ilə yanaşı, "Plastik kütlələr" şöbəsinin müdiri vəzifəsini, 1982-ci ildən NKPİ–nin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir.
Akademik Sahib Əliyev 1990-cı il fevralın 7–də qəflətən vəfat etmişdir.