Ziyafəddin Əsədov
Ziyafəddin Əsədov (tam adı: Əsədov Ziyafəddin Həmid oğlu) — Azərbaycan alimi, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının müdiri, Xəzər Universitəsi kimya kafedrasının müdiri.
Ziyafəddin Əsədov 1950-ci il iyunun 19-da Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi gümüş medalla, 1972-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) kimya-texnologiya fakültəsini bitirmişdir.
Z. Əsədov əmək fəaliyyətini 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda işləyir. 1979-cu ildə kimya elmləri namizədi, 1992-ci ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. Yüksəkmolekullu birləşmələr kimyası üzrə professor elmi adını 2003-cü ildə almışdır.
2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2002-ci ildə yeni yaradılmış "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının müdiri vəzifəsində işləyir.
Ziyafəddin Əsədovun elmi araşdırmaları neft sənayesində tətbiq üçün oliqomer və polimer təbiətli yeni effektiv səthi-aktiv maddələrin sintezi və tədqiqinə həsr olunmuşdur.