Əlövsət Quliyev
Əlövsət Quliyev (Əlövsət Gülüş oğlu Quliyev) (10 iyul 1947, Sisian rayonu) — professor, aqrar elmlər üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2017), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.
Əlövsət Quliyev 10 iyul 1947-ci ildə Sisyan rayonunda anadan olub. O, Azərbaycan Texniki Universitetinin Hidromeliorasiya fakültəsində Meliorasiya ixtisası üzrə təhsil alıb.
Əlövsət Quliyev "Naxçıvan muldası torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yolları" mövzusunda namizədlik, Naxçıvan MR Arazboyu və dağətəyi torpaqlarının ekomeliorativ qiymətləndirilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2017-ci ildə - Azərbaycan Milli Elmlər Akademiyasının qərarı ilə AMEA-nın müxbir üzvü seçilib.
Əlövsət Quliyev Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yollarına dair eksperimental nəticələr əsasında torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına nail olub. O, Naxçıvan Muxtar Respublikasında təkrar şorlaşmaya məruz qalmış torpaqların qısa müddətdə zərərli duzlardan azad edilməsi və yenidən əkin dövriyyəsinə qatılması yollarını ilk dəfə olaraq təcrübi yolla sübut edib, torpaqlarda su-duz balansı elementlərini təyin edərək təkrar şorlaşmanı doğuran səbəbləri və onların qarşısının alınması yollarını işləyib.
Əlövsət Quliyev ilk dəfə olaraq Naxçıvan MR-nın Duzdağ və Böyükdağ maili düzənliklərində dellüvial mənşəli şorlaşmış torpaqların duzlardan azad edilərək əkin dövriyyəsinə cəlb olunub. İlk dəfə Azərbaycanda qədim su mənbələri - kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərflərinin ölçülməsi, morfometrik ölçülərinin təyini aparılmış və GİS əsasında xəritələşdirilib.
Hazırda Azərbaycanın kəhriz olan bölgələrində (Qazax, Ağstafa, Şəmkir, Tovuz, Göygöl, Gəncə, Samux, Goranboy, Tərtər, Ağdam, Yevlax, Bərdə və Ağcabədi) kəhrizlərin öyrənilməsi, bərpası və yeni su mənbələrinin tədqiqat işlərini aparır, eyni zamanda kəhriz sularından suvarmada tətbiqi məsələləri tədqiq olunur.