Əlövsət Zakir oğlu Abdullayev (17 fevral 1920, Şamaxı rayonu – 28 may 1993, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Əlövsət Abdullayev | |
---|---|
Əlövsət Zakir oğlu Abdullayev | |
Doğum tarixi | 17 fevral 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 28 may 1993 (73 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
İş yerləri | Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı (1962-1967); prorektoru (1972-1976), Azərbaycan dilçiliyi kafedrasının müdiri (1967-1985) |
Təhsili | |
Mükafatları | Azərbaycan SSR Dövlət mükafatı laureatı |
Əlövsət Zakir oğlu Abdullayev 1920-ci il fevral ayının 17-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxının Məlikçobanı və Ucarın Yuxarı Şilyan kənd məktəblərində almışdır.
1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olub, 1939-cu ildə həmin müəssisədə təhsilini əla qiymətlərlə başa vurmuş, bir il kənddə müəllim işləmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi başlananda Əlövsət müəllim təhsilini yarımçıq qoyaraq çəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur.
1943–1946-cı illərdə Məlikçobanı kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Faşist Almaniyası məğlub edildikdən sonra yenidən universitetə qayıtmış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Yüksək hazırlığını və elmə olan dərin marağını nəzərə alaraq onu aspiranturaya qəbul etmişlər.
Ə. Z. Abdullayev 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmələr" mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən-tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. Əlövsət müəllimin 50 illik əmək fəaliyyətinin təxminən 40 ili universitetlə bağlıdır, burada tələbəlikdən professorluğadək şərəfli bir həyat yolu keçmişdir.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı (1962–1967), prorektoru (1972–1976), Azərbaycan dilçiliyi kafedrasının müdiri (1967–1985) olmuşdur. Tədqiqatları Azərbaycan dilinin sintaksisinə aiddir. Beynəlxalq türkologiya konqres və konfranslarında məruzələrlə çıxış etmişdir.
1993-cü ildə may ayının 28-də Bakıda vəfat etmişdir.[1][2]
Alimin elmi maraq dairəsi olduqca geniş olmuşdur. O, dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuşdur. Əlövsət Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir (bunlardan bəziləri ortaqlı yazılmışdır). Xüsusiləşmə və əlavə kateqoriyaları, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli murəkkəb cümlələrin tərkib hissələrinin transformasiya hadisəsinə uğraması və digər məsələlər ilk dəfə Ə. Abdullayev tərəfindən işlənmiş və ali məktəb proqramlarına daxil edilmişdir. Onun etimologiya üzrə işləri keçmişə, tarixin yaddaşına əsl səyahət kimi yenilik ruhu, arqumentlərinin əhatəliliyi, əsaslılığı ilə bu sahədə əvvəllər aparılmış tədqiqatlardan fərqlənir. Məsələn, "ki" bağlayıcısının genezisi, "elə", "belə" sözlərinin etimologiyası, yönlük halın mənşəyi, qədim instrumental hal və müasir dilimizdə onun qalıqlarından bəhs edən əsərlər xüsusilə dəyərlidir.
Ə. Abdullayevin "Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr" monoqrafiyası uzun və gərgin axtarışların nəticəsidir. Bu qiymətli əsər ölkə türkoloqları tərəfindən böyük maraqla qarşılanmışdır. Bunlardan başqa, alim iki böyük akademik nəşrin ("Azərbaycan dilinin qrammatikası" və "Müasir Azərbaycan dili") və 4 cildlik "Müasir Azərbaycan dili" dərsliyinin müəlliflərindən biri olmuşdur. Sonuncu fundamental əsərə görə o, 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Ə. Abdullayev 1992-ci ildən isə Əməkdar Elm Xadimidir.
Professor Ə. Abdullayev həm də böyük ictimai iş aparmışdır. O, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun və Universitetin elmi şuralarının, Azərbaycan Ensiklopediyasının redaksiya şurasının, Respublikada Azərbaycan Dilinin Tətbiqi və Əlifba komissiyalarının üzvü olmuşdur. Eyni zamanda BDU-nun "Elmi əsərləri"nin Dil və ədəbiyyat seriyasının baş redaktoru, universitetin ümumi, humanitar elmlər, filologiya elmləri doktoru və namizədi dərəcələri verən şuralarının, Azərbaycan Elmlər Akademiyası Dilçilik İnstitutunun, Respublika Elmlər Akademiyası Rəyasət Heyəti yanında dilçilik üzrə əlaqələndirmə şuralarının, Azərbaycan Təhsil Nazirliyinin tədris metodika şurasının üzvü olmuşdur.
Ə. Abdullayevin adı yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurdur. O, bir sıra Ümumittifaq və beynəlxalq məclislərdə Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmişdir. Görkəmli dilçi alim müxtəlif illərdə Bakıda, Moskvada, Sankt-Peterburqda, Səmərqənddə, Kazanda, Tiflisdə keçirilmiş elmi konfranslarda, Berlində, Ankarada, İstanbulda, Daşkənddə toplanmış beynəlxalq qurultay və konqreslərdə iştirak etmiş, məruzələr oxumuşdur. O, dilçilərin Səmərqənd konfransında (1966) sintaksis bölməsinə rəhbərlik etmişdir. 1969-cu ildə Berlində Beynəlxalq altayşunaslar konqresində (PİAK) "Türk dillərində yönluk halın mənşəyi haqqında"kı məruzəsi yaxşı qarşılanmış və orada nəşr edilmişdir.
1972-ci ildə Ə. Abdullayev Türk Dil Qurumunun dəvətilə Ankarada I türk dili qurultayında iştirak etmişdir. Orada Mahmud Kaşqari bölməsini açmaq və birinci iclası idarə etmək şərəfi Azərbaycan aliminə qismət olmuşdur. Əlövsət müəllimin acılışdakı nitqi və oxuduğu məruzə Ankarada həmin qurultayın materiallarında çap edilmişdir.
1986-cı il PİAK-ın Daşkənddə keçirilmiş konqresində Ə. Abdullayev "Azərbaycan-monqol dil əlaqələri" adlı məruzə ilə iştirak etmişdir. Əlövsət müəllimin həyatında ən əlamətdar hadisələrdən biri türkologiya qarşısında böyük xidmətlərinə görə onun 1983-cü ildə Türkiyədə Türk Dil Qurumunun müxbir üzvü, 1984-cü ildə həqiqi üzv seçilməsidir. Ə. Abdullayev Türk Dil Qurumuna müxbir üzv seçilmiş üçüncü azərbaycanlı alim olmuşdur. Ölümündən üç il sonra, Türk Dil Qurumu onun 1996-cı ildə Ankarada "Türk dillərinin tarixi inkişafı məsələləri" adlı kitabını nəşr etmişdir. Həmin monoqrafiya elm aləmində yüksək dəyərləndirildiyindən 2007-ci ildə təkrar çap olunmuşdur.
Onun rəhbərliyi altında 23 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə edilmişdir. O cümlədən, müdafiə edənlərdən 3 nəfər qaraçay-balkar, 1 nəfər qumuq dili üzrədir.
|
|
|
Xarici dillərdə
|
|
|
|
|
|
Əlövsət müəllim bütün türkologiyada sintaksisin, xüsusən tabeli mürəkkəb cümlə probleminin ən yaxşı tədqiqatçılarından idi, bunanla belə, o ən yaxşı bildiyi məsələlərdə də, müsahibinin fikrini xüsusi səbir və ehtiramla dinləməyi bacarırdı. Əlövsət Abdullayev dilçilik fəhmi, dil duyumu çox güclü idi, o, elmə də kitablar yox, ilk növbədə, məhz dil duyumu, fəhmi ilə gəlmişdi. Şamaxının Məlikçobanlı kəndindən zəhmetkeş bir ailədə böyüyərək Azərbaycana övlad, Respublika Dövlət Mükafatı Laureatı, Türk Dil qurumunun müxbir üzvü titullarına yiyələnmişdir.[3] İsmayıl Əhmədov
|
Əlövsət Abdullayev Azərbaycan dilçiliyi tarixində, ilk öncə, dilimizin qrammatik quruluşu, xüsusən onun sintaksisin tədqiq edənlərin ən görkəmli nümayəndəsi kimi qalmışdır.
Ə.Abdullayevin qrammatik vasitələrin mənşəyi barəsində yazdığı əsərlər də diqqəti cəlb edir. Onun "Azərbaycan dilində işlənən "ki" bağlayıcısının mənşəyi haqqında", "Türk dillərində yönlük hal şəkilçisinin mənşəyi haqqında" məsələləri yüksək elmi səviyyədə yazılmışdır. Xüsusi elmi marağa səbəb olduğundan bu məqalələrdən birincisi rus və alman dillərində də çap edilmişdir.[4] Ağamusa Axundov
|
Morfologiyaya aid, Azərbaycan dilinin lüğət tərkibinə aid və ümumiyyətlə, türkologiyanın bir sıra ümumi problemlərinə aid araşdırmaları var. Son zamanlar onun Türkiyədə çıxan kitabları da göstərdi ki, get-gedə onun mülahizələrinə, fikirlərinə maraq artır[3]. Nizami Cəfərov
|
Cəsarətlə demək olar ki , bu gün Azərbaycan dilçiliyinin müasir problemlərinin əsas elmi ağırlığı Əlövsət Abdullayevin yetirmələrinin çiynindədir və Bakı Dövlət Universitetində müasir dilin tədrisində də onlar pedaqoji səriştələri, müəllimlik qabiliyyətləri ilə öyünə bilərlər. Böyük sintaksis mütəxəssisi olan Əlövsət Abdullayev Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə zaman-zaman təhlili nəzər salırdı; dil tarixinin, dialektologiyanın, üslubiyyatın və başqa ixtisasların az işlənmiş kateqoriyalarına diqqəti yönəldirdi[3]. Tofiq Hacıyev
|
Azərbaycan dilçiliyində M.Ş.Şirəliyevlə həqiqi elmi araşdırılmasına başlanan tabeli mürəkkəb cümlə Ə.Z.Abdullayev tərəfindən öz tədqiqat zirvəsinə yüksəlmişdir. Professor Ə.Z.Abdullayev tabeli mürəkkəb cümlənin yalnız Azərbaycan dilçiliyində yox, habelə bütün türkologiyada aparıcı tədqiqatçılarındandır. Tabeli mürəkkəb cümlə məhz onun tədqiqatında hərtərəfli, şaxəli və dərin elmi şəkildə tədqiq olunmuşdur.[5] Telli Səlimli
|
Birincisi, o, həqiqətən böyük dilçi alim idi; tabeli mürəkkəb sahəsində yalnız Azərbaycan dilçiliyində deyil, ümumən türkologiyada söz sahibi sayılırdı. Dövlət mükafatı almış "Müasir Azərbaycan dili" dərsliyində də həmin bəhsin müəllifi o idi. Təkcə bi faktı qeyd etmək kifayətdir ki, Əlövsət Abdullayevin xüsusilə tabeli mürəkkəb cümlə sahəsindəki araşdırmaları əlli ildən çox idi ki, öz təravətini azacıq da olsa, itirmədən dilçiliyə xidmət edir.[6] Məhəbbət Mirzəliyeva
|