ÜZEYR

Bəni İsraildən olmuş, Musa şəriətini yaymış imanlı bir insan olmuşdur. Bəzi ilahiyyatçılar onun peyğəmbər olduğunu iddia etmişdirlər. Rəvayətlərə görə Üzeyr kiçik yaşlarından Tövratı öyrənmişdir. Babil kralı Buhtunnəsr Qüdsü ələ keçirdikdən sonra başqaları kimi sürgün həyatı yaşamışdır. Əsarətdən azad olduqdan sonra Qüdsə qayıtmış, ancaq orada şəhərin xarabalıqlarını görmüş, şəhərin yenidən qurulmayacağını sanmışdır. O zaman Allah onu öldürmüş, yüz ildən sonra isə yenidən diriltmişdir (Quran, 2: 259). Rəvayətlərə görə yenidən dirilən Üzeyr Qüdsə daxil olur. Orada o, bir qadına rast gəlir və kim olduğunu açıqlayır. Qadın Üzeyrə xəstə olduğunu bildirdikdən sonra o, Allaha dua edərək onu sağalmasını diləyir. Sonra bu qadın israillilərə Üzeyrin möcüzəli şəkildə geri qayıtmasını bildirir. İsraillilər bunu eşidib sevinərək onu ziyarət etməyə gəlmişdirlər. Ziyarət zamanı onun doğrudan da Üzeyr olması üçün sübutlar tələb etmişdirlər. Onların istəyini yerinə yetirərək o bütün Tövratı əzbərdən oxumuşdur. İsraillilər buna görə çox sevinmişdirlər. Çünki, Buhtunnəsr Tövratı məhv etdikdən sonra onların müqəddəs kitabları unudulmuşdur. Daha sonra rəvayət edilir ki, Üzeyr israilliləri imana çağırsa da, onlar onu eşitməmiş, hələ Tövratı oxuduqda yanlışlıqlara yol verdiyini iddia etmişdirlər. Ancaq, onların arasından bir şəxs Tövratın kiçik bir hissəsini babillilərin hücumundan sonra qoruyub saxlamışdır. O, Tövratın bu parçasını gətirdikdə israillilər onun Üzeyrin oxuduqları ilə üst-üstə düşdüyünün görmüşdürlər. Onda israillilər “Üzeyr Allahın oğludur” (Quran, 9: 30) demişdirlər. Bundan sonra Üzeyr Qüdsdə yaşamışdır. Onun ölümündən sonra İsrail oğulları daha böyük günahlar işlədərək Allahın qəzəbinə gəlmişdirlər.
ÜŞR
ÜZZA