Rəşid Şerif
Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif; 29 sentyabr 1953, Mərdəkan – 26 mart 2020, Bakı) — Azərbaycan teatr rəssamı, karikaturaçı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2011), Azərbaycan Dövlət Yuğ Teatrının baş rəssamı (1989-2020)
Rəşid Şerif 1953-cü il 29 sentyabrda Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur.
1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, elə həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlamışdır.1989-cuildən – Yuğ Teatrının yarandığı vaxtdan ömrünün son gününə kimi teatrda baş rəssam kimi fəaliyyət göstərmişdi.
2003-cü ildə Estoniyanın Vilyan şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olmuşdur.
Rəşid Şerif 1992-ci ildən karikaturaçı kimi bir sıra qəzetlərlə əməkdaşlıq etmişdir. 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olmuş, 1996-2000-ci illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülmüşdür. “İnsan hüquqları: ikinci nəfəs” (Alma-Atı, Qazaxıstan, 1998-ci il) Beynəlxalq sərgi-seminarının iştirakçısı olmuşdur.
Bakı İncəsənət Mərkəzi (Bakı, 1995), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (Bakı, 1996), “Adile Naşit” Mədəniyyət Mərkəzi (İstanbul, Türkiyə, 1991), “Kodolinna Mayas” qalereyası (Tallin, Estoniya, 2003) kimi mötəbər sərgi salonlarında rəsm sərgiləri keçirilmişdir. Azərbaycan teatr rəssamlarının “Retrospektiv” (Bakı, 2005) adlı sərgisinin iştirakçısıdır.
1992-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.