Əsəb sistemi
Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir.
Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir.