1. Qapağı, örtüsü və s. götürülmək, düşmək, açıq hala gəlmək. Qutu açıldı. Qazanın qapağı açıldı. Damın üstü açıldı. Şüşənin ağzı açıldı. Qıfıl açıldı.
2. Aradakı maneə götürülmək, yaxud yox olmaq. Qarlar əridi, dağ kəndlərinə yol açıldı.
// Tayları, layları açıq hala gəlmək. Küləkdən pəncərələr açıldı.
3. Qatlanmış, bükülmüş, düyünlənmiş, bağlanmış şeyin qatları, bükükləri, qırışıqları düzəltmək, düyünü, bağı açıq hala gəlmək. Çətirin düyməsini basan kimi açıldı. Bağlama yerə düşüb açıldı. Örpəyi açılıb başından düşdü. Gəminin yelkənləri açıldı. Belindən qayış açıldı. Boğazından qalstuk açılıb düşdü. Lent açıldı. Ayaqqabıların qaytanı açıldı.
4. Qoşqudan azad edilmək (olmaq). Atlar arabadan açıldı. Öküzlər kotandan açılıb otlayırlar.
5. Aralanmaq, seyrəklənmək, arada məsafə əmələ gəlmək. Səflər açıldı.
6. Aralanmaq (qapalı, yumulu şey). Gözləri açılmaq. Ağzı açılmaq.
7. Başlanmaq. İşə başlamaq. İclas saat üçdə açıldı. Məruzədən sonra müzakirə açıldı. İdarələr yayda saat 8-də açılır. Məktəblərin açılmasına lap az qalmışdır.
8. Təsis olunmaq, əsası qoyulmaq; tətbiqə, işləməyə başlamaq. Son illər ölkəmizdə çox sayda yeni məktəblər açılmışdır. Yeni dəmiryol xətti açıldı.
9. Yaranmaq, əmələ gəlmək, mümkün olmaq. Yeni mədən yataqlarının tapılması nəticəsində bu yerlərin inkişafı üçün böyük imkanlar açılmışdır. Azərbaycan incəsənəti qarşısında böyük perspektivlər açılmışdır.
10. İfşa edilmək, meydana çıxarılmaq. Cinayətin üstü açıldı. – [Divanbəyi:] Quldurların izi açılıbdır.
// Aydın olmaq, aşkar olmaq, bəlli olmaq, məlum olmaq.
// Üzə çıxmaq, büruzə vermək, görünmək (xəstəlik və s.).
11. Tədqiqat, araşdırma və s. nəticəsində kəşf olunmaq, müəyyən edilmək. Maqnit hadisələrinin mahiyyəti ancaq XIX əsrin əvvəllərində açıla bilmişdir.
12. Çiçəklənmək, yarpaqlanmaq; görünmək, zahir olmaq. Yaz gəldi, güllər açıldı.
13. Deşilmək, dəlinmək, qazılmaq. Divardan pəncərə açılmışdır. Dağların altından uzun tunel açılmışdır.
14. Baxmaq, çıxmaq.
15. Qopmaq, sökülmək. Köynəyin bütün tikişləri açılmışdır.
16. Genişləndirilmək, vüsətləndirilmək, böyüdülmək, genəldilmək, uzadılmaq (sahə). Otağın arası açılsa, genişlik olar. Paltosunun dalı açıldıqdan sonra genəlmişdir.
17. Cilalanmaq, pardaqlanmaq, təmizlənmək, sürtülüb ağardılmaq; parıldamaq, işıldamaq. Mis qablar qumla sürtüldükdə açılar. Şüşə silindikdən sonra açıldı. Dəri pardaqlanıb açıldı.
18. Ortalığa atılmaq, irəli sürülmək, başlanmaq. Söhbət açıldı. Bəhs açıldı. İndi ki söz açıldı, söyləməliyəm.
19. Buluddan azad olmaq, aydınlaşmaq, ayazımaq. Yağış kəsilən kimi hava açıldı. Göyün üzü açıldı.
20. İşıqlaşmaq, işıqlanmaq, işıqlanmağa başlamaq. Səhər açılmaq. Dan yeri açılmaq.
21. Atılmaq, partlamaq. Atılan bombaların heç biri açılmadı. Güllə açılmaq.
22. Boşalmaq, boş qalmaq, boş yer əmələ gəlmək. Yer açılan kimi səni oraya düzəldərik.
23. Sağalmamaq, qovuşmamaq, bitişməmək, üstü açılmaq (yara haqqında).
24. Görünməyə başlamaq, zahir olmaq. Gözlərim önündə gözəl bir mənzərə açıldı. Qarşımızda müharibənin dəhşətli bir səhnəsi açılmışdı.
25. məc. Birdən-birə hirslənərək qışqırmaq, bərk danlamaq, acıqlanmaq (bəzən “üstünə, üstümə” sözü ilə). O, birdən üstümə açıldı.
26. Başlamaq, çatmaq, yetişmək. Yaz açılanda havalar qızmağa başlar.
27. Baş vermək, üz vermək.
28. Axmağa başlamaq. Borudan su açılmaq. Yaradan qan açılmaq.
29. Hazırlanmaq, salınmaq, düzəldilmək.
30. dan. Rədd olmaq, əl çəkmək, getmək.
31. məc. Həll edilmək.
32. məc. Könlü xoş olmaq, məmnun olmaq, üzü gülmək, fərəhlənmək, sevinmək, şad olmaq.
33. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: könlü açılmaq, dili açılmaq, ürəyi açılmaq, aynası açılmaq, kefi açılmaq.