Kövsər Tarverdiyeva
Kövsər Məmməd qızı Tarverdiyeva (14 iyul 1914, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 2013, Bakı) — ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi (1952).
Kövsər Tarverdiyeva 14 iyul 1914-cü ildə İrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan Haşım bəy məktəbində təhsil alır. 9-cu sinfi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya yollanmışdır. Ailəlikcə Bakıya köçdükdən sonra pedaqoji fəaliyyətə başlamış və 1932-ci ildən fəhlə-gənclər məktəbində müəllimlik etmişdir.
Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər V. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942–1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışmış. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.