Hündürboylu acılıqotu
Hündürboylu acılıqotu (lat. Ephedra procera) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.
Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir.