Şövqiyar Abdullayev
Şövqiyar Abdullayev (tam adı: Şövqiyar Cəmil oğlu Abdullayev ; 5 aprel 1969, Nərimanlı, Basarkeçər rayonu – 27 avqust 1992, Drombon, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır.
Subay idi. Cəmil Abdullayevin oğludur. Texnika elmləri namizədi Malik Abdullayevin qardaşı oğludur.
1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır.