Maqsud Məmmədov (baletmeyster)
Maqsud Davud oğlu Məmmədov (30 may 1929, Gəncə, Gəncə dairəsi – 6 fevral 2024) — Azərbaycan balet artisti, baletmeyster, Azərbaycan SSR xalq artisti (1970).
== Həyatı ==
Maqsud Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. 1950-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirib (Nikolay Tarasovun sinfi). Bakıya qayıtdıqdan sonra 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti işləyib.
Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Sənətkarın ifa yaradıcılığının əsasını Polad ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Mənzər, Lenni ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız", Əşrəf Abbasov), Albert ("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və "Şelkunçik" Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir.
Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindəki Fərhad rolu Maqsud Məmmədovun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında qalib olub.
1972-1973-cü illərdə Əlcəzairdə baletmeyster və pedaqoq işləyib.
Maqsud Məmmədov 1979-cu ildən Sov.İKP üzvü olmuşdur.