Potentilla tormentilla subsp. divergens
Düzqalxan qaytarma (lat. Potentilla erecta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Düzqalxan qaytarma çoxillik ot bitkisidir. Gövdə yarpaqları oturaq və ya çox qısa saplaqlı, üç hissədən ibarət qovuşuq, iri, dərin bölünmüş yalançı zoğları, uzunsov-tərsyumurtavari və ya neştərşəkilli, damarlı, sıxtükcüklü, bəzən çılpaq və kənarları bölünmüş dişciklidir. Rozetəbənzər yarpaqları üç hissədən ibarət qovuşuq, bəzən yarılmış, şaqqalanmış, ikiyə bölünmüş, 4 və ya 5-ə çatan, uzun saplaqlı olub, çiçəkləmə zamanı ölüşkəyir və quruyur. Nazik, incə və zərif olan çiçəkli gövdəsi aprel və ya may ayında inkişafa baslayır. Yuxarı hissəsi budaqlanan və azca tükcüklüdür. Çiçəkləri sarı, diametri 1sm-ə qədər olub, ləçəkləri 4 ədəddir. Kökümsovu adətən 5-10 sm, əyri və ya düz formalı olub, silindrik, demək olar ki, şarşəkilli, uzunluğu 2-15 sm, yoğunluğu isə 1-3 sm-ə bərabərdir.
Dağ-meşə, meşə-çöl, meşə kənarı və bataqlıq kənarlarında bitir.