Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klaviatura
Klaviatura (ingiliscə: Keyboard) — informasiyanın kompüterə daxil edilməsi və kompüterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuş qurğu. Kompüter sisteminin əsas qurğularından biri. Klaviatura, yazı makinasında olduğu kimi, yalnız giriş qurğusudur, çünki informasiya axını ondan bir istiqamətə – klaviaturadan kompüterə doğru hərəkət edir. Mikrokompüterlərdən qabaq yaranmış minikompüterlər və meynfreymlərdən başlanaraq klaviatura və displeyin kombinasiyasına kompüterin konsolu (CONSOLE) deyilib. CON adı (işarəsi) MS-DOS əməliyyat sisteminin sintaksisində mövcuddur, məsələn, bu qurğulardan hər hansı birinə və ya hər ikisinə müraciət etmək üçün istifadə edilir. Kompüter klaviaturalarının hamısında çap simvollarının standart yığını olur və onlar şərti olaraq QWERTY (klavişlərin yuxarı sətrində soldakı hərflərə görə) adlandırılan ardıcıllıqla yerləşir (yazı makinalarının əksəriyyətində olduğu kimi). Klaviaturaların əksəriyyətində kalkulyatora bənzər yardımçı rəqəm klaviaturası da olur. Klaviaturaların hamısında bir sıra xüsusi klavişlər CTRL, ALT və SHIFT, Apple Macintosh klaviaturalarında isə Command, Option klavişləri olur; bu xüsusi klavişlərdən başqa klavişlərin mənasını dəyişmək üçün istifadə edilir. 1995-ci ildə, Windows əməliyyat sisteminin yaradılması ilə əlaqədar olaraq 101 düyməli qurğu 104/105 düyməli qurğu ilə əvəz olunmuşdur. Sistem bloka qoşulma metodlarına görə klaviaturalar simli və simsiz klaviaturalara ayrılırlar.
Erqonomik klaviatura
Erqonomik klaviatura – klavişlərlə sürəkli iş zamanı əllər üçün zərərli nəticələrin heçə endirilməsini əsas götürərək layihələndirilmiş klaviatura. Klaviaturaların əksəriyyətində klavişlər yazı makinalarında olduğu kimi bir xətt boyunca yerləşir. Bu cür dizayn insan üçün rahatlıq düşüncəsinə deyil, yazı makinasının mexanikasının qoyduğu məhdudiyyətlərə əsaslanır; nəticədə əlləri çox zaman qeyri-təbii vəziyyətdə saxlamaq lazım gələr. Yazı makinalarının mexanikası ilə əlaqəli olan məhdudiyyətlərə əməl etmək zərurətindən azad olan çağdaş erqonomik klaviaturaların konstruktorları çox zaman hansısa əlavə imkanlar (məsələn, klavişlərin alternativ tərtibatı, ovuclar üçün dayaqlar və s.) nəzərdə tuturlar. Erqonomik klaviaturanın imkanlarının dəqiq diapozonu istehsalçıdan və konkret modeldən asılı olur. Belə modellərdən biri Microsoft Natural Keyboard klaviaturasıdır.
Klaviatura genişləndiricisi
klaviatura genişləndiricisi(keyboard enhancer)-klavişlərin basılma siqnalları daxil olduqca onları emal edən və bəzi klavişlərin və ya onların kombinasiyasının mənasını yenidən təyin edən proqram; klaviatura utiliti (KEYBOARD UTULITY), makro-proqram (MACRO PROGRAM) və ya makro-utilit (MACRO UTILITY) kimi də tanınır. Bu proqramlardan makrosların – klavişlər kombinasyalarının, siçanın hərəkətlərinin, menyu komandaları və ya müəyyən klavişlərə bağlanmış komandalar ardıcıllıqlarının yaradılması və saxlanması üçün də istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,466s.
MIDI Klaviatura
Ümumi MIDI klaviatura və ya MİDİ klaviatura, müxtəlif düymələrə, təkərlərə və sürgülərə sahib olan, digər musiqi cihazlarına və ya kompüterlərə USB və ya MIDI 5 pinli kabel üzərindən siqnallar və əmrlər göndərmək üçün istifadə olunan piyano üslublu bir elektron musiqi klaviaturasıdır. MIDI klaviaturaların yerli səs modulları olmadığına görə səsləri özləri çıxara bilmir, lakin bəzi MIDI klaviatura modellərində həm MIDI nəzarətçi, həm də səs modulu mövcuddur ki, bu da onların müstəqil şəkildə fəaliyyət göstərməsinə imkan verir. İfaçının basdığı klavişlər və ya düymələr haqqında MIDI məlumatları modelləşdirmə sintezi və ya analoq bir aparat vasitəsilə səs yarada bilən bir qəbuledici cihaza göndərilir. Qəbul edən cihaz ola bilər: Kompüter DrumPad Audio İnterfeys və s. == Klavişlərin ölçüsü və sayı == MIDI klaviaturaları özünə xas üstünlükləri və çatışmazlıqları olmaqla geniş ölçü və düymə sayı müxtəlifliklərinə malikdir. === Saylarına görə əsas növləri === 25 düyməli : ümumiyyətlə mövcud olan ən kiçik MIDI klaviaturasıdır. Portativ və yüngül olmasına baxmayaraq yalnız basslines kimi bir əlli piano hissələrini ifa etmək üçün uygundur; 49 düymə : iki əlli fortepiano hissələrini effektiv ifa etmək üçün ən kiçik MIDI klaviatura ölçüsü hesab olunur; 61 düyməli : iki əlli piano hissələrinin çalınması üçün ən ideal ölçü sayılır; 88 düyməli : tam düymə diapazonu. Akustik piyano ilə eyni açar sayımına malikdir. Lakin MIDI klavişlər arasında ən az portativ və ən ağırıdır. == Xarici keçidlər == MIDI Klaviatura Sınırları, Michael Schreiber'in interaktiv bir animasiyası, Wolfram nümayişləri Layihəsi, 2007.
Membran klaviatura
Membran klaviatura — tərpənməz (yaxud, demək olar ki, tərpənməz) kontaktları örtən və üzərinə simvollar vurulmuş bütöv plastik və ya rezin membrandan ibarət olan klaviatura. Normal klaviaturalardan fərqli olaraq, membran klaviaturalarda klavişləri göstərmək üçün təzyiqəhəssas zonalardan istifadə olunur. Bu zonalar, adətən, membranın altında kiçik qabarcıqlar şəklində olur. Belə klaviaturalardan ilk növbədə printerlərdə və ya çirkli atmosferi olan yerdə işləmək üçün nəzərdə tutulmuş qurğularda istifadə edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təkmilləşdirilmiş klaviatura
Təkmilləşdirilmiş klaviatura – 101 və ya 102 klavişdən ibarət olan klaviatura; IBM firması tərəfindən IBM PC AT kompüterlərinin sonrakı modelləri üçün işlənib hazırlanıb. Klaviaturanın bu tərtibatı PS/2 seriyası üçün standart olaraq qaldı və IBM-uyumlu klaviaturaların əksəriyyəti üçün “de-fakto” standarta çevrildi. Bu klaviaturanın (ilkin adı – Advanced Keyboard) özündən əvvəlki IBM klaviaturalarından əsas fərqləri bunlardır: əvvəlkilərdə olduğu kimi, sol tərəfdə 10 funksional klaviş yox, yuxarı qıraq boyunca 12 funksional klaviş var; <Control> və <Alt> klavişləri iki dənədir; klaviaturanın əsas bloku ilə rəqəm paneli arasında kursorun yerdəyişməsi və düzənləmə klavişləri qrupu nəzərdə tutulub. Başqa fərqlər bəzi klavişlərin (məsələn, <Escape> və <Control>) yerləşmə yerlərinin dəyişdirilməsi və bəzi klavişlərin (məsələn, <Print Screen>) başqa klavişlərlə kombinasiyalarının fəaliyyətlərinin dəyişdirilməsi ilə bağlıdır. Klavişlərinin düzümü və dizayn baxımından təkmilləşdirilmiş klaviatura Apple Extended Keyboard klaviaturasına oxşardır.