Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarvantəpə yaşayış yeri
Sarvantəpə – Qazax rayonunun Çaylı kəndi ərazisində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri. Qazaxın Çaylı kəndində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri aşkar edilmişdir. 2009-cu ildə Sarvantəpə adlanan ərazidə 1,5 hektarlıq tədqiqat sahəsinin 125 kv. metrində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Şamil Nəcəfov tərəfindən qazıntılar aparılmışdır. Arxeoloji qazıntılar zamanı çıxarılan son tunc, ilk dəmir dövrünə xarakterik çiy kərpicdən və çay daşlarından inşa edilən tikili qalıqları, təsərrüfat küpləri, quyular, müxtəlif saxsı qablar, bəzək əşyaları, möhürlər, daş alətlər eramızdan əvvəl II minilliyin sonu I minilliyə aid edilir. Arxeoloqlar tapıntıların aşkar edildiyi ərazidə maldarlıq və əkinçiliyin geniş yayıldığını bildirir. Tapılan əşyalar belə deməyə əsas verir ki, burada həyat tərzi yüksək səviyyədə inkişaf edib. Arxeoloji ekspedisiyanın rəhbəri Şamil Nəcəfov dediyinə görə, Gəncə-Qazax zonası son tunc ilk dəmir dövrünə aid abidələrlə zəngindir. E.ə II minilliyin sonu, I minilliyin əvvəlinə aid bu zona üçün xas olan Xocalı-Gədəbəy qəbir abidələri yaşayış yerlərinə nisbətən daha çox öyrənilib. Qəbir abidələri həmin dövrün insanlarının dini dünya görüşləri, sənətkarlığı haqqında xeyli zəngin məlumatlar verir.