Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Murad Aşurlı
Murad Aşurlı — azərbaycanlı alpinist. 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmişdir. Murad Aşurlı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-yə köçüb. O, son illər ABŞ-də aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı. 2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib. Murad Aşurlı 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb. Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb.
İsrafil Aşurlı
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.