Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antipin–Şabalin ekspedisiyası
Antipin–Şabalin ekspedisiyası – 1778–1780-ci illərdə İvan Antipin və Dmitri Şabalinin başçılıq etdiyi rus ekspedisiyası. Ekspedisiyanın məqsədi Kuril adalarını tədqiq etmək, yerli xalq olan aynuları ruslaşdırmaq və Yaponiya ilə ticarət əlaqələri qurmaq idi. == Zəmin == XVIII əsrin ikinci yarısında Rusiya imperiyası Kuril adalarını tədqiq etmək və Yaponiya ilə ticarət əlaqələri qurmaqla maraqlanırdı. Kuril adalarını Rusiyaya tabe etmək istəyən hökumət İrkutsk qubernatoru Adam Brilə adaları ətraflı tədqiq etmək barədə göstəriş vermişdir. 28 noyabr 1772-ci ildə Bril Kamçatka komandiri Maqnus fon Bemi adaları tədqiq etməklə vəzifələndirmiş, ona "mülki, amma çox böyük olmayan, guya balıqçılıq və ovçuluqla məşğul olan bir gəmini Kuril adalarının cənubundakı yaşayış məntəqəsi Akkeşiyə, hətta Hokkaydoya göndərmək" missiyası vermişdir. Bemin əsas vəzifəsi yerli əhalinin adətlərini, adaların, çayların, meşələr, balıqçılıq və ovçuluq ərazilərinin coğrafiyasını təsvir etmək, adaların tam xəritəsini çıxarmaq idi. Ekspedisiya aynulara lazım olan rus malları və materiallarını, eləcə də, bunun qarşılığında aynulardan ala biləcəkləri şeyləri müəyyənləşdirməli, yaponlarla dostluq və ticarət əlaqələri qurmalı idi. Ekspedisiyanın digər məqsədi Kuril adalarında yaşayan yerli əhaliyə Rusiya vətəndaşlığını qəbul etdirmək və rus adətlərini öyrətmək üçün bir neçəsini Rusiyaya aparmağı təklif etmək idi. == Ekspedisiya == 1774-cü ildə yakut tacir Pavel Lebedev-Lastoçkin ekspedisiyanı maliyyələşdirmiş, ekspedisiya üçün "St. Ekaterina" gəmisini Kamçatkaya göndərmişdir.