Qərmətilik
Qərmətilər — İsmaililiyin Fatimi xəlifələri qəbul etməyib, İsmayıl ibn Cəfərin oğlu Məhəmməd ibn İsmayıl əş-Şakiri yeddinci, sonuncu imam olaraq qəbul edən və Yeddiçilər olaraq da tanınan təriqət dövləti.
Onlar hicri III əsrdə üsyan qaldıraraq Abbasilər xilafətini kökündən sarsıtmışlar. Təriqətin başçısı Kufə şəhərinin yaxınlığındakı Dur kəndindən olan və daha çox "Qərmət" ləqəbi ilə tanınmış Həmdan ibn Əşəs idi.
Qərmətilik təriqətinin yaranma tarixi Abbasi xilafətində ismaili təbliğatının fəallaşması dönəmindən başlanır. Tanınmış ismaili təbliğatçısı Hüseyn Əhvazi İraqa gələrək orada ismaililiyi qəbul etmiş Həmdan ibn Əşəslə (Qərmətlə) tanış olmuşdur. Hüseyn Əhvazi öləndən sonra Həmdan Qərmət onun yerini tutmuşdur. O, Kufə şəhəri və onun ətrafında yaşayan tərəfdarları üçün hərəkatın mərkəzini yarada bilmiş və xilafətin müxtəlif vilayətlərinə təbliğatçılarını göndərmişdir. Onların ən tanınmışlarından biri qərmətiliyin ideoloqu Əbdan idi. Təriqətin başqa tanınmış təbliğatçıları isə, hicrətin 289-cu ilində qərmətilər qiyamına başçılıq etmiş Zikrəveyh ibn Mihrəveyh və Əbül-Fəvarizdir. İlk əvvəl qərmətilər ismailiyi təbliğ etsələr də sonra onlarla bütün əlaqələrini kəsmişlər.