Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Heliofitlər
İşıqsevən bitkilər və ya heliofitlər — açıq və günəşli yerlərdə bitən bitkilər. İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv Günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilər əsasən bitki örtüyü az olan işıqlı çöl və səhralarda bitir. Meşə zonasında bu bitkilərə az təsadüf edilir. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, günəbaxan, pambıq, qarğıdalı, kalış, qara şam, akasiya və s. aiddir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50—300 xırda xloroplast olur. Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətlərindəndir.
Halofitlər
Halofitlər — duzlu bitmə şəraitinə, xlorlu və kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə uyğunlaşmış bitkilər. Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq çoğanı, qaraşoran, bir sıra şorangələr və s.) olub səhra və yarımsəhralarda qrunt suyu səthə yaxın yerləşən şoran torpaqlarda bitir. Digər hissəsi sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir qədər dərində yerləşən sahələrdə bitən bitkilərdir (məs. sirkən bitkisinin bəzi növləri), bunlar hüceyrə şirəsində karbohidratlar toplayır. Bəzi halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə şirəsinin osmotik qatılığını tənzim edir (Yulğun, dəvəayağı). Bütün halofitlər torpaq duzluluğunun dərəcəsini göstərən indiqatorlar hesab edilir. Bir çox halofitlər (sirkən növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.