Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Punktuasiya
Punktuasiya — dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi. Ümumiləşmiş şəkildə punktuasiya (latınca punktum sözündən olub, nöqtə deməkdir) adlanır. Punktuasiya durğu işarələrindən istifadə qaydalarının cəmi olub, orfoqrafiya və kalliqrafiya ilə birlikdə yazı qaydalarının nizama salınmasında xüsusi qiymətə malikdir. Punktuasiyanın əsaslarının izahında üç meyl, üç istiqamət vardır: bəziləri mənaya, bəziləri sintaktik quruluşa, bəziləri intonasiyaya əsaslanır. Birinci halda durğu işarələrinin işlədilməsi mətnin mənalı hissələrə bölünməsi ilə bağlı izah edilir; ikinci halda cümlənin sintaktik quruluşu, üçüncü halda nitqin ritmik-melodik axını, vurğu, fasilə və s. əsas götürülür. Durğu işarələrinin işlədilməsi qeyd edilən meyllərin hər üçü ilə - məna, sintaktik quruluş və intonasiya ilə əlaqədardır. Lakin aydındır ki, cümlənin quruluşu da, intonasiyası da müəyyən məqsədlə, mənanın ifadəsi ilə bağlıdır. Ona görə də durğu işarələrinin işlənməsində məna məsələsi həlledici amil sayılır. Əksərən üç cəhət birgə fəaliyyət göstərsə də, bəzən bunlardan biri digərinə nisbətən üstün mövqeyi ilə diqqəti cəlb edir.