Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sırğaçiçək pişikdırnağı
Şimali Amerika, Cənubi Qafqaz və Qərbi Texas, Şərqi Meksika, Cənubi Arizona, Kolumbiya və Venesuelada təbii halda yayılmışdır Hündürlüyü 12 metrə çatan, yarpağını tökən, qollu-budaqlı, geniş çətirli ağacdır. Gövdəsinin qabığı qalın olub, qəhvəyi və ya tünd boz rəngdə, azca çatlıdır. Zoğları nazik, əvvəlcə sarımtıl-yaşıl, sonralar isə tünd boz rəngli, 1–5 sm uzunluqda tikanların qoltuğunda yerləşmişdir. Yarpaqları növbəli düzülüşlü, ikiqat cütlələkvari, yarpaq oxu tikanla qurtarır, 8 sm uzunluqda, çılpaqdır. Yarpaq oxu nazik, itiuclu, qaidədən çox enlənmiş, vəzilidir. Nadir hallarda iki, cüt olmaqla, 9–18 budaqcıqlıdır. Hər budaqda adətən 11–13 cüt ensiz, ellipsvari, 8–10 mm uzunluğunda, 2–4 və ya 5 mm enində, küt, çılpaq və ya tək-tək kirpikli yarpaqcıqlardan ibarətdir. Çiçəkləri 2 mm uzunluqda, ətirli, yaşılımtıl-sarı, qoltuq salxımlarda sünbülvari çiçək qrupunda yerləşir. Çiçək qrupu silindrşəkilli, çoxçiçəkli, 6–7 sm uzunluqda salxımlardan ibarətdir. Ləçəkləri ensiz, uzunsov, ucları itidir.