Böyükağa Talıblı
Böyükağa Mirqasım oğlu Talıblı (21 mart 1897, Salyan, Cavad qəzası – 13 oktyabr 1937, Bakı) — şair, publisist, dövlət xadimi, 1934-cü ildən AYB-nin üzvü. "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək).
== Həyatı ==
Böyükağa Mirqasım oğlu 1897-ci il martın 21-də Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Bakı real məktəbində təhsil almışdır (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir.
Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915–1920).
1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923–1932).
"Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olmuşdur.
== Həbsi və ölümü ==
8 yanvar 1937-ci il tarixdə 1934-1938-ci illərədə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsinə qərar qəbul olunub.