Babilər
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819–1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun.
== Haqqında ==
Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.