Badamaşı
Xörək növlərindən birinin adıdır. Sintaktik üsulla yaranan bu şivə sözü “badam” və “aş” komponentlərindən ibarətdir. Sözün şəkilçi komponentində işlənən “aş” sözü burada “plov” mənasında deyil, “xörək” anlamındadır. Hazırlanma qaydası belədir: Bişmiş ətin suyunda kartof bə buğda yarması qaynadılır, üzərinə kəsilmiş əriştə əlavə edilir. S.Altaylının “Azərbaycan türkcəsi sözlüyü”ndə “badam” komponenti “badambura”, “badamçörəyi” kimi qida məhsullarının adları da qeydə alınmışdır. Sözlükdə “Badambura” yemək adı “içinə şəkərlə bərabər əzilərək badam” doldurulan kiçik dadlı çörək” anlamında, “badamçörəyi” isə “içinə şəkərlə bərabər əzilib badam doldurulmuş dadlı kiçik çörək” mənasında izah edilir. (21, 81)
Azərbaycan klassik ədəbiyyatında və xalq musiqisində “badam” sözündən daha çox bənzətmə, təşbeh məqamlarında istifadə edilmişdir. Məs: badamgözlü (badama bənzəyən göz); badamağız (ağzı çox kiçik və gözəl olan); badamı (badama bənzəyən, badam kimi) və s.
Mürəkkəb quruluşa malik olan bu sözün birinci komponentində gələn söz Türkiyə türkcəsində badem, başqırd türkcəsində mindal, qazax türkcəsində badam, qırğız türkcəsində badam, özbək türkcəsində badəm, tatar türkcəsində mindal, badam, türkmən türkcəsində bədam, uyğur türkcəsində badam formalarında işlənir. (33, 42-43)