Berliner
Berliner — 470 × 315 mm (18,5 × 12,4 düym) ölçülü, ölçüsünə görə A3 və A2 formatları arasında yerləşən qəzet kağızı formatı.
Format XX əsrin əvvəllərində yaranıb və adını Berlin şəhərinin adından alaraq, o dövrdə daha geniş istifadə edilən North German və French formatları ilə rəqabətə başlayıb. Hazırda Fransada Le Monde və Le Figaro, İtaliyada La Repubblica və La Stampa, Belçikada De Morgen, Böyük Britaniyada The Guardian, İsraildə "Ha-Arets", Xorvatiyada Vjesnik, ABŞ-də Journal & Courier (Lafayet, İndiana ştatı), Braziliyada Jornal do Brasil qəzetləri bu formatda çap olunurlar.
Avropada Berliner Zeitung qəzetinin qısaca Berliner adlandırılması bəzən bu formatın adı ilə bağlı çaşqınlıq yaradır. Lakin bu qəzet berliner formatında çap olunmur. Almaniyada yalnız 2 milli qəzet berliner formatından istifadə edir: Die Tageszeitung (qısaca "taz" da adlandırılır) və Junge Welt. Əksər alman qəzetləri daha böyük olan, 570 × 400 mm ölçülərə malik nordisch formatında çap olunurlar.