Cəlal Əliyev (bioloq)
Cəlal Əziz oğlu Əliyev (20 may 1926, Sabirabad rayonu – 18 fevral 2014, Bakı) – azərbaycanlı bioloq-alim, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Botanika" kafedrasının müdiri (1967–1992)
== Həyatı ==
Cəlal Əliyev 20 may 1926-cı ildə Sabirabad rayonunun Suqovuşan kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini kəndində almış, təhsilini davam etdirmək üçün Bakı Əczaçılıq məktəbinə daxil olmuşdur. 1949-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1954-cü ildə bioloq-botanik ixtisası üzrə universiteti bitirmişdir.
Tələbə-laborant ikən ilk elmi tədqiqatla məşğul olmuş, elmi ədəbiyyatdan istifadə etmək bacarığı və bitki təyinatında göstərdiyi dəqiqlik yüksək qiymətləndirilmişdir.
1961-ci ildə "Talışın şirin sularının florası, bitkiliyi və onların təsərrüfat əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi, 1969-cu ildə isə "Azərbaycanın su hövzələrinin florası, bitkiliyi və onların təsərrüfat əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1970-ci ildə isə professor elmi dərəcəsinə layiq görülmüşdür .
Cəlal Əliyev BDU-da laborant, assistent, baş müəllim, dosent və professor, 1967-ci ildən 1992-ci ilədək "Botanika" kafedrasının müdiri vəzifələrində müvəffəqiyyətlə çalışmışdır. 25 ildən artıq kafedra müdiri olmuş və bu dövrdə özünü bacarıqlı və işgüzar rəhbər kimi göstərmiş, yüksək pedaqoji və elmi keyfiyyətlərini gənc nəslin tərbiyəsinə, elmin inkişafına, respublikada yüzlərlə botanik kadrlarının yetişdirilməsinə sərf etmişdir. Görkəmli alimin elmi tədqiqatları, botanika sahəsində yaratdığı yeni istiqamət və yetişdirdiyi elmi kadrlar ona "Cəlal müəllim məktəbi"nin yaranmasına xidmət etmişdir.
O, 105 elmi və elmi-metodik məqalənin, 5 dərslik və dərs vəsaitinin, 2 monoqrafiyanin, Azərbaycan Sovet Ensiklopediyasında nəşr etdirdiyi 18 məqalənin müəllifidir.