Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir.
Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır.
== Ədəbiyyat ==
Vəliyev K. Sözün sehri.