Borgeze qalereyası
Borgeze qalereyası (it. Galleria Borghese) — Romanın Borgeze villasına aid bir saray tikilisi. 1903-cü ildən dünyada misli bərabəri olmayan eksponat kolleksiyasına malik bir muzeydir. Qalereya ilk olaraq kardinal Sçipion Kaffarelli-Borgeze (1576–1633) tərəfindən yaradılmış, sonralar Markantino IV Borgeze (1730–1800) tərəfindən yeniləşdirilərək hazırkı müasir formasına salınmışdır. Birinci mərtəbə heykəl, ikinci mərtəbə isə şəkil qalereyası üçün nəzərdə tutulmuşdur.
1803-cü ildə Kamillo Filippo Lüdovik Borgeze Napoleonun bacısı Paulina Bonapartla nikaha girdikdən sonra qalereyanın bir çox əsərlərini satmağa məcbur edilmişdir ki, bunlardan bir çoxu hazırda Luvr muzeyinin inciləri sayılırlar. Beləliklə, qalereya ümumilikdə 154 heykəl, 160 büst, 170 relyef, 30 sütun və çoxlu sayda güldandan məhrum olmuş olur.