BƏKTAŞİLİK

Anadoluda yayılmış sufi təriqətinin adıdır. Təriqətin adı Hacı Bəktaş Vəli ilə bağlıdır (645/1208 – 738/1270). Bəktaşilər öz mənəvi silsilələrini Əli ibn Əbu Talibə bağlayırlar. Hacı Bəktaş İranın Nişapur şəhərində doğulmuşdur. 680-ci ildə o, Əhməd Yəsəvinin məsləhəti ilə Anadoluya gedib orada öz təlimini yaymışdır. Hacı Bəktaşın həyat və yaradıcılığı haqqında bir-çox məqamlar bilinməməkdədir. O, bizim zamanımıza gəlib çatmayan bir sıra əsərlərin müəllifi hesab olunur. Hacı Bəktaşdan sonra onun davamçıları öz sufi təriqətlərini yaratmışlar. Bəktaşiliyin inkişafında bu təriqətin ikinci qurucusu hesab olunan Bəlim-Sultanın (X/XVI yüzillikdə yaşamışdır) böyük rolu olmuşdur. Bəktaşilik daha çox kənd əhalisi arasında yayılmışdır. Onların təlimi bəzi hallarda gizli xarakter daşımışdır. Təriqətçilər dinin “gizli”, ezoterik tərəflərinə böyük əhəmiyyət verirdilər. Hətta, məclisləri və ucadan söylənilən zikrləri də yalnız təriqətin “seçilmişləri” arasında keçirilirdi. Bununla da, onlar ismaililərin nizari təriqətinin davamçıları (batinilər) kimi ifratçı təriqətlərə yaxınlaşırdılar. İfratçı (qulat) şiə təriqətlərində olduğu kimi Bəktaşilikdə də Əli ibn Əbu Talib Allahın yerdəki təcəllisi hesab edilir. Onlar 12 şiə imamlarını qəbul edərək Məhərrəm ayının ilk on günündə Əhli-Beytdən öldürülənlər üçün yas saxlamaqdadırlar. İlk Raşidi xəlifələri: Əbu Bəkri, Öməri, Osmanı və Məhəmməd peyğəmbərin həyat yoldaşı olmuş Aişəni qəbul etmirlər. Bundan başqa Bəktaşilər şiə hüquq məktəbi olan Cəfəri məzhəbinin davamçıları da olmuşdurlar. Bunlarla yanaşı Bəktaşilikdə müxtəlif İslam təriqətlərinin təlimləri və hətta başqa dinlərin – Xristianlığın, Lamaizmin, türk şamançılığın ayrı-ayrı elementləri sinkretik şəkildə qarışmışdır. Tənqidçilərə görə onların, digər sufi təriqətlərindən fərqli olaraq özlərinə məxsus təriqət yolları olmamışdır. Bəktaşiliyin “seçilmişləri” üçün İslamdakı ibadətlərin və ritualların yerinə yetirməsi vacib deyildir. Onlar gündəlik beş dəfə qılınan namazı və namazdan öncə alınan dəstəmazı vacib hesab etmirdilər. Bəktaşi şeyxləri davamçılarına şərab içməyi və şəriətdə qadağan olunan müxtəlif işlərin görülməsinə icazə vermişlər. Onlardan bəziləri ruh köçünə (tənasüh) və Tanrının insanda təcəlli etməsinə inanırdılar. Bəktaşilik ideyaları Osmanlı imperiyasının siyasi həyatında əsrlər boyu böyük rol oynamış, ölkənin ən döyüşkən qoşun birləşməsi olan “yeniçərilər” onun davamçılarından təşkil olunmuşdurlar. Osmanlı cəmiyyətinin böyük bir hissəsinin sünni olmasına baxmayaraq Bəktaşilik də nüfuz qazana bilmişdir. Bəktaşiliyin yayılmasının digər səbəbi isə, onların əsərlərinin və məişət dilinin türk dilində olması idi. Təriqətin sinkretik təlimi Balkan yarımadası və Macarıstanın xristian əhalisi üçün anlaşıqlı olmuşdur. Buna görə də, onların arasında Bəktaşiliyin çoxsaylı tərəfdarları var idi. Türk sultanı II Mahmudun hakimiyyəti dövründə yeniçərilər artıq irticaçı bir quruma çevrilmişlər. Buna görə də, Sultan bu qurumun varlığına 1826-cı ildə son qoymuşdur. Bundan sonra Bəktaşilik bütün imperiya boyu təqiblərə məruz qalmışdır. Onların başçıları edam edilmiş, bütün mülkləri isə əllərindən alınmışdır. Bəktaşilərin bütün strukturları, obyektləri və təkkələri nəqşibəndi sufi təriqətinin davamçılarına verilmişdir. Təqiblərin sonunda Bəktaşilik Arnavutluğa (Albaniyaya) intiqal etmiş və orada mərkəzləşmişdir. Daha sonra sultan Əbdul-Məcidin (1839 – 1861) hakimiyyəti dövründə Bəktaşilər itirdiklərini müəyyən qədər qaytara bilsələr də, keçmişdə olan nüfuzlarını bərpa edə bilməmişdir. Üstəlik, aralarında baş vermiş ixtilafların sonunda, Bəktaşilər müxtəlif qruplara parçalanmışlar. 1925-ci ildə Türkiyə Cümhuriyyəti Bəktaşiliyi ölkədə qadağan etmişdir. Arnavutluqda isə onlar 1967-ci ilə qədər fəaliyyət göstərə bilmişdirlər. Müasir Türkiyədə bu təriqətin azsaylı davamçıları bu gün də mövcuddur. Bəktaşilik iki böyük qola ayrılır: 1. Əsasını Hacı Bəktaş Vəliyə bağlayan “Çələbilər”-dir, hansı ki bu qol Anadoluda geniş yayılmışdır; 2. Hacı Bəktaş Vəlinin ailəsinin olmadığını və soyunun bitdiyini iddia edən “babaqanlar”dır. Bu qol isə Osmanlı imperiyasının Avropa hissəsində daha çox yayılmışdır. Bəktaşi müridləri isə beş qrupa bölünürdülər: 1. Mühiblər – beyət ayinindən keçərək təriqətə daxil olan insanlardır. Bunun üçün iki bəktaşidən razılıq alınmalı idi; 2. Dərvişlər – təriqətə daxil olandan sonra ona sadiqlik göstərənlərdir. Onlar “tac” adlanan baş örtükləri və xirqə geyinirdilər; 3. Babalar – təriqətin xəlifəsi tərəfindən təyin edilən başçılardır. Onlar mühib və dərvişləri yetişdirirdilər; 4. Mücərrədlər – təriqətin evlənməyən subay davamçılarıdırlar. Onlar xəlifəyə daha yaxın olmuşlar. Mücərrəd olmaq üçün xüsusi qapalı bir ayin keçirilirdi. Burada, özünü təriqətə bağlayanın sağ qulağını deşib, ona sırğa taxırdılar. Mücərrədlərin özlərinə məxsus tacları olmuşdur. 5. Xəlifələr – əsasən babalardan seçilirdi. Bunun üçün bir babanın və üç mücərrədin razılığını almaq lazım idi. Xəlifələrin də öz tacları olmuşdur. Bəktaşilik türk ədəbiyyatı və musiqisinin inkişaf etməsində böyük rol oynamışdır.
BƏHİRƏ
BƏL
OBASTAN VİKİ
Bəktaşilik
Bəktaşilik — İslam dinində mövcud təriqətlərdən biri. Şiəliyə yaxındır. Osmanlı Türkiyəsində Yeniçərilərin ideoloji təriqəti hesab olunur. == Tarixi kökləri == Bütün böyük dini sistemlərdə – buddizm, iudaizm, induizm və xristianlıqda özünə yer alan təsəvvüf ideyaları İslamda da ilkin çağlardan özünü göstərib. İslamda bu ideyaları yayanlardan biri bütün türk sufilərinin ulu atası sayılan, əslən Türküstandan olan Əhməd Yəsəvi idi. Türklərin müsəlmanlığı qəbul etməsində onun böyük rolu olub. Yəsəvinin türkcə yazdığı "Divani-hikmət" əsərində müsəlmanlıq təbliğ olunardı. Bu kitabdakı şerləri sufi dərvişlər qopuzların müşayiəti ilə oxuyurdular. Bu dərvişlər ozana bənzədiklərindən türklər onları rəğbətlə qəbul edirdilər. Əhməd Yəsəvinin ən böyük xidmətlərindən biri də türklərin əski inancları ilə müsəlman dəyərlərinin sintezini yaratması idi.

Digər lüğətlərdə