Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir.
Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.