sif. [
ər. ]
1. klas. Cərəyan edən, axan, axıcı.
□ Cari etmək – axıtmaq.
Gülab vurma üzə, etmə göz yaşın cari; Gözüm çıxar, o gül üstündə şəbnəm istəmərəm. S.Ə.Şirvani.
Gözümdə cari edib əşki həm rəvan getmə! X.Natəvan.
Cari olmaq –
1) axmaq, tökülmək.
Mirzə Nəsib, Xəlilin anasının danışığını o biri otaqda eşidirdi, qoca Mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Ə.Haqverdiyev;
2) məc. mənada.
Məktəbdə var şərafət; Dəftərdə var lətafət; Cari olur qələmdən; Şirinşirin hekayət. M.Ə.Sabir.
2. Keçməkdə olan, hal-hazırkı, indiki, indi baş verən, cərəyan edən. Cari dərs ili.
Cari ildə – İclası hərbi şuranın sədri Səttarxan açdı və qısa olaraq cari vəziyyət və gələcək vəzifələr haqqında danışmaq üçün Əli Səhlanlıya söz verdi. P.Makulu.
◊ Cari etmək (eləmək) klas. – müəyyən üsul və ya qayda ilə icra etmək, yerinə yetirmək, rəsmi şəklə salmaq.
[Şah:] Sonra üzün Molla Rəsula tutub buyurdu ki: – Bunların siğeyi-talaqlarını cari eylə! M.F.Axundzadə.
[Şeyx Nəsrullah Şeyx Əhmədə:] Şeyx Əhməd, mənim tərəfimdən vəkil ol və siğəni cari elə. C.Məmmədquluzadə.
Cari olmaq – icra olunmaq, rəsmi şəklə salınmaq, qanuniləşmək.
[Mirzə Əhməd ağa:] …Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? Ə.Haqverdiyev.