"Crocus City Hall" hücumu
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Moskva şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib.
Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb. Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir.
Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı. Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb.
Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib.