Cloudflare
Cloudflare — məzmun çatdırılma şəbəkəsi xidmətləri, bulud kibertəhlükəsizliyi, DDoS mitiqasiyası və ICANN tərəfindən akkreditə olunmuş domen qeydiyyatı xidmətləri göstərən ABŞ şirkəti. Cloudflare-in baş ofisi Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. The Hill qəzetinə görə 2022-ci ildə internetin 20 faizindən çoxu veb təhlükəsizlik xidmətləri üçün Cloudflare istifadə edib.
Cloudflare 2009-cu ilin iyul ayında Metyu Prins, Li Hollouey və Mişel Zatlin tərəfindən təsis edilib. Prins və Hollouey əvvəllər Cloudflare-in əsasını yaratmaq üçün ilham mənbəyi kimi xidmət edən Unspam Technologies-in məhsulu olan Project Honey Pot-da əməkdaşlıq etmişdilər. 2009-cu ildən şirkət vençur kapitalı ilə maliyyələşdirilirdi. 15 avqust 2019-cu il tarixində Cloudflare NET səhm tikeri ilə Nyu-York Fond Birjasında IPO üçün S-1 ərizəsini təqdim etdi. 13 sentyabr 2019-cu il tarixində hər səhm üçün 15 dollar olmaqla ictimai şirkət oldu.
2020-ci ildə Cloudflare-nin həmtəsisçisi və COO Mişel Zatlin prezident seçildi və bu onu ABŞ-də ictimai texnologiya şirkətinin azsaylı qadın prezidentlərindən biri etdi.
Cloudflare StopTheHacker (2014 fevral), CryptoSeal (2014 iyun), Eager Platform (2016 dekabr), Neumob (2017 noyabr), S2 Systems (2020 yanvar), Linc (2020 dekabr), Zaraz (2021 dekabr), Vectrix (2022 fevral), və Area 1 Security (2022 fevral) kimi veb-servis və təhlükəsizlik şirkətlərini satın aldı.