Rus düzənliyi
Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi.
Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır.
Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir.
Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir.
== Xüsusiyyətləri ==
Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür.