Daşkənd (Göyçə)
Daşkənd — İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd.
== Coğrafiyası ==
Daşkənd kəndi Geğarkunik vilayətinin mərkəzi Qavar (Kəvər) şəhərindən 80 km cənub-şərqdə, dəniz səviyyəsindən 2155 m hündürlükdə yerləşir. Kənd eyni zamanda keçmiş Basarkeçər rayonunun mərkəzi Basarkeçər şəhərindən 8 km məsafədə yerləşir.
Kəndin ərazisi Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur.
Kəndin relyefi onu iki hissəyə ayıran qayalar silsiləsindən ibarətdir.
Kəndin ərazisində Sarıbulaq, Hacı Qurban bulağı, Ocaq bulağı, Qocaman bulağı, Tərsə çayı, Borda bulağı, Qamışlı bulağı, Paşa oğlunun bulağı, Telli bulağı, Əli bulağı, Buzlu bulağı və başqa bulaqlar vardı.
Həmçinin Daşkəndə məxsus ərazilərdə Hacı Rəhimin komu, Aşıq Nəcəfin komu, Kəmənd, Haray, Quzey, Xamgüneyi, Namazın sarısı, Gödək güney, Göy təpə, Səngər təpəsi, Uzun güney, Böyük və Kiçik çanaq, Şəhər dərəsi, Kötük dərəsi, At yeyən, Oyuxlu, Düz və Ayrım dərələri və s. adda toponimlər vardır.
== Tarixi ==
"İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Kəndin Andranikin dəstələrinə qarşı şücaətlə vuruşmuş Hacı Rəhim, Məşədi Qasım, Ziyad Babayev, Qaçaq İdris kimi oğulları olmuşdur.